525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türbəndəyev Əkbər Cəfər oğlu
2024-cü ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Filologiya (fars dili və ədəbiyyatı) ixtisasını bitirib. Əslən Laçın rayonunun Arduşlu kəndindəndir. Hərbi xidmətini də Laçında çəkib.
Böyüyür
Böyüyür, günbəgün insan böyüyür,
Can atır böyüsün qarda, ayazda.
Gün gəlir cavanlıq qapını döyür,
Özün böyüyürsən, hətta bir az da,
Ağlın böyüyür...
Daralır zamanın, azalır vaxtın,
Keçən xatirələr düşür yadına.
Biri kinayəylə kəsib qabağın,
Yolda gözaydınlıq verir atana.
Deyir: "Gözün aydın,
oğlun böyüyür..."
Qayıtmır geriyə, irəli gedir,
Günbəgün təqvimdə çoxalır yaşın.
Həyat insaf etmir, həyat məhv edir,
Əyilir qamətin, ağarır başın.
Gözünün önündə doğma qardaşın,
Yorğun böyüyür...
Yaş nədir, insanı böyütsün axı?
Böyüyər, göylərə ucalsa insan.
Yox, mən istəmirəm göyə qalxmağı,
Həyatda nə qədər zirvədə olsan,
Elə o qədər də,
doğrun böyüyür...
Alzheimer
Unudur bu günü, sonra dünəni,
Özünü, sözünü unudur bir-bir.
Unudur qardaşı, dostu, düşməni,
Təkcə unutmağı unuda bilmir.
Zaman önə gedir, ağıl geriyə,
Keçmişlə gələcək vəhdəddə qalır.
Nuh nəbidən qalmış qoca kötüyə,
Dünənki pöhrələr yarpaq bulayır.
Can necə öyrəşsin bu təlatümə?
"İlahi, bu nə toy, bu nə düyündü?"
Amandır, dəyməyin onun qəlbinə,
Balasın gördüyü sonuncu gündü.
Oğlu Kəlbəcərdə əsir düşəcək...
Qoy yansın, alışsın onun oduna,
Toysuz balasına, qoy toy da etsin.
Bu günü salmayın onun yadına,
Qoy hələ bir az da əvvələ getsin.
Bu günə qayıtsa, dözməz ürəyi...
Bəlkə də, Allahdan səbr istəyib,
Bu dərd dəva kimi verilib ona.
Bəlkə də, bu anı çoxdan gözləyir,
Bəlkə də, qovuşub indi oğluna.
Nə bilmək olar ki, Allah böyükdü...
Yox, daha burda da qala bilmədi,
Hər gün bir pillə də geriyə getdi.
İlahi, görəsən, bu qanun nədi?
Güllə yıxmayanı, dərd-qəm əritdi.
Bir əsər qalmayıb o şux qadından,
Nə özü yaşayır, nə də ki adı.
Bu gün anası da çıxdı yadından,
Daha unutmağa heç nə qalmadı...
Olmasaydı
Qaranlıq gecənin sehrinə daldım,
Kefimi itirdim, qəm-kədər aldım.
Gecəni özümə dost saxlayardım,
Əgər şölə saçan gün olmasaydı.
Ey könül, yenə də xəyallara dal,
Nə gözəllik varsa, ondan ilham al.
Pərişan olardı göylərdə qartal,
Şikarın tutacaq tin olmasaydı.
Üç günlük qonağıq, gələnlər gedər,
Vallah, ömrümüzü elədik hədər.
İnsan ucalardı ucalıq qədər,
Ürəkdə kidurət, kin olmasaydı.
Yoldaşın bədxahı, dostun namərdi,
Qaniçən düşməndən daha betərdi.
Bəndə bəndəliyin inkar edərdi,
Sitayiş etdiyi din olmasaydı.
Mən də aldanmışam bu boş xülyaya,
Daş atdım ulduza, göz vurdum aya.
Bəlkə güvənərdim fani dünyaya,
Anamın saçında dən olmasaydı.
Gözlərim çıraqdır, əllərim qəndil,
Məni şeiriyyatın od-alovu bil.
Əkbər yaşayardı, Vallah, yüz on il,
Qəlbində bu qədər ün olmasaydı.
Ruh tutma
Ruh tutdu cismimi, ölünün ruhu,
Cismim özgə ruha əsir olacaq.
İlahi, bu dərdlə neyləyim axı?
Bir canda iki ruh nə cür qalacaq?
Biri dağa çəkər, biri arana,
Yolumu tapmaram sağlar içində.
Biri məlhəm olar qanlı yarama,
Biri paxıllıqdan ağlar içimdə...
Nə var axı məndə? Neyləyir məni?
Özümdən, sözümdən el-aləm bezdi.
O ruh yaşamağı sevsəydi, yəni
Vallah, öz cismini tərk eləməzdi.
Mənim nəyim var ki, xoşuna gəlsin,
Nə xoşbəxt günüm var, nə də həyatım.
Mənə lağ edənin başına gəlsin,
Mən də öz ömrümü belə yaşadım.
Yerə yıxılarsan, tutanın yoxsa,
Yenə təzələndi, köhnələn dərdim.
Bəxtəvər başına... əlimdə olsa,
Mən də bu dünyanı tərk eləyərdim.
Gözümdən gözünə qan damcılanar,
Böyük bir fırtına çağlar içində.
Ey ruh, get özünə başqa can axtar,
Mən sağ sayılmıram sağlar içində...