Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Əkin sahələrinə verilən sığorta təminatı 600 milyon manata yaxınlaşıb.
Bu barədə Modern.az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ötən il ölkə üzrə müxtəlif bitkiləri əhatə edən 391 min hektar əkin sahəsi sığortalanıb:
"Sığortalanan əkin sahələrinə əsasən buğda, arpa, qarğıdalı, pambıq, digər tarla bitkiləri, bostan və tərəvəz bitkiləri, meyvə bağları və texniki bitkilərin əkin sahələri daxildir.
Ötən il əkin sahələrinin sığortası üzrə fermerlərlə Aqrar Sığorta Fondu arasında 56 518 sığorta müqavləsi bağlanılıb.
Fermerlərlə Aqrar Sığorta Fondu arasında bağlanan sığorta müqavilələrinin sayı 2024-cü illə müqayisədə 5%, 2023-cü illə müqayisədə isə 18% artıb. Xatırladaq ki, 2023-cü ildə əkin sahələrinin sığortası üzrə təqribən 51 min, 2024-cü ildə isə 56,7 min sığorta müqaviləsi bağlanılmışdı.
2025-ci ildə Azərbaycanda 127 min hektar payızlıq arpa sahəsi, 200 min hektar isə payızlıq buğda sahəsi sığorta edilib.
Əkin sahələrinin sığortalanmasından 13 milyon manat aqrar sığorta haqqı toplanılıb. Bunun müqabilində sığorta müqavilələri üzrə əkin sahələrinə 577 milyon manat sığorta təminatı verilib. Əkin sahələrinə verilən sığorta təminatının məbləği 2024-cü illə müqayisədə 64 milyon manat, 2023-cü illə müqayisədə isə 71 milyon manat artıb".
Əlavə olaraq qeyd edilib ki, fermerlər cüzi ödəniş etməklə əkin sahələrini sığorta edə bilirlər:
"Xatırladaq ki, aqrar sığorta prosesində 50%-lik dövlət dəstəyi tətbiq edilir, yəni sığorta haqqının yarısı dövlət tərəfindən ödənilir. Nəticədə fermerlər cüzi ödəniş etməklə əkin sahələrini sığorta edə bilirlər.
Hazırda bütün ölkə ərazisində meyvə bağlarıın sığortalanması prosesi davam edir. Aqrar Sığorta Fondu fermer və təsərrüfat sahiblərini dövlətin dəstəyindən faydalanmağa və əkin sahələrini vaxtında sığortalamağa çağırır.
Sığortalanma prosesini asanlaşdırmaq üçün isə fermerlərin sığorta ödənişini “AsanPay” sistemi vasitəsilə, mobil telefonla ödəməsi imkanı yaradılıb.