Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
150 il tarix baxımından kiçik zaman kəsiyi kimi görünsə də, keçmişə nəzər saldıqda fəxrlə deyə bilərik ki, tarixin bütün mərhələlərində milli mətbuatımız öz vətənsevərliyini, milli adət-ənənələrimizə, dövlətçilik ideologiyasına və dünyəvi, mütərəqqi ideyalara sədaqətini inamla qoruyub və sınaqlardan uğurla çıxıb.
Böyük inkişaf yolu keçmiş mətbuatımızın uğurlarından danışarkən bu sahədə çalışanların da əməyini xüsusi olaraq qeyd etməliyik.
Bildiyimiz kimi, “Əkinçi” qəzetinin ilk nömrəsinin nəşr olunduğu 1875-ci ilin 22 iyul tarixi ölkəmizdə Milli Mətbuat Günü olaraq qeyd edilir.
Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri olan təbiətşünas-alim Həsən bəy Zərdabinin naşiri, redaktoru və korrektoru olduğu bu qəzet Şərqdə və bütün Qafqazda böyük əks-səda doğurub.
Qəzetin ərsəyə gəlməsində o dövrün ən mütərəqqi və maarifpərvər ziyalılarımızın da böyük xidmətləri olub.
İlk addımlarını atan milli mətbuatımızın qarşısında duran ən vacib məsələ xalqımızın maarifləndirilməsi və savadlılığının artırılması idi.
Rastlaşdığı bütün çətinliklərə baxmayaraq, dövrün maarifpərvər və vətənpərvər ziyalıları üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gələrək bizlərə gözəl ənənələrə söykənən yol qoyub, örnək olublar.