Icma.az, Azpost portalına istinadən məlumat yayır.
Çinin Sian şəhərində 47 yaşlı kişi qeyri-adi etiraz aksiyası keçirib.
Azpost.info “Əl-Cəzirə”yə istinadən bildirir ki, Hu soyadlı şəxs tırtıllı ekskavatorla hökumət kompleksinin qarşısına gələrək binanı dağıtmağa başlayıb. O, eyni zamanda səsgücləndirici vasitəsilə “Qan-tər tökərək qazandığım pulu qaytarın!” deyə qışqırıb.
Hadisə zamanı kompleksdə olan əməkdaşlar və ziyarətçilər təcili təxliyə edilib. Binaya ekskavatorla hücum edən şəxsin zərərsizləşdirilməsi üçün xüsusi təyinatlı qüvvələrin 20 əməkdaşı cəlb olunub.
Çin mediasında yayılan məlumatlara görə, hadisənin motivi hələlik rəsmi şəkildə açıqlanmayıb. Lakin ölkənin sosial şəbəkələrində onun etirazının səbəbi ilə bağlı iki əsas ehtimal müzakirə olunur.
Etirazın səbəbi nə ola bilər?
Birinci versiyaya görə, kişi dövlət tikintisi üçün yaxınlıqdakı kəndlərdə sökülən daşınmaz əmlaka görə sakinlərə ödənilməli kompensasiyaların gecikdirilməsinə etiraz edib. İddialara əsasən, Huya məxsus balıq ferması da həmin ərazidə sökülüb və o, bunun müqabilində nəzərdə tutulan ödənişi ala bilməyib. İkinci ehtimala görə isə hadisə dövlətin tikinti işlərini həyata keçirən podratçılara olan borcu ilə bağlıdır. Sosial şəbəkələrdə təxminən 3 milyon dollar məbləğində ödənilməmiş borcdan bəhs olunur.
Lakin bu versiyaların heç biri hələlik rəsmi qurumlar tərəfindən təsdiqlənməyib. Kişinin məhz hansı pulun qaytarılmasını tələb etdiyi barədə istintaqın açıqlaması yoxdur.
Xüsusi təyinatlılar hadisəyə müdaxilə etdi
Hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb olunub. Xüsusi təyinatlıların müdaxiləsindən sonra ekskavatorla hücum edən 47 yaşlı kişi saxlanılıb. Çin sosial şəbəkələrində hadisə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər onu “Çinin Robin Hudu” adlandırıblar. Hadisənin bütün təfərrüatları, o cümlədən dağıntının miqyası və kişinin etirazına səbəb olan maliyyə mübahisəsinin detalları barədə rəsmi məlumat hələ açıqlanmayıb.
Sunay Aydın
https://azpost.info/wp-content/uploads/2026/11/5-1.mp4
Post navigationPrevious: Diplomlu gənclər niyə iş tapa bilmir? – Diplom var, iş yoxdur / TƏHLİL