Ekspert: Azərbaycanın qlobal rəqəmsal xidmət arxitekturası liderlər səviyyəsində qurulub

20.11.2026

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 20 noyabr, AZƏRTAC

BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində (EHİİ) Azərbaycanın iki il ərzində 36 pillə irəliləyərək 38-ci yerə yüksəlməsi və “Çox yüksək EHİİ” kateqoriyasının V3 altqrupuna daxil olması ölkədə aparılan sistemli rəqəmsal transformasiyanın məntiqi nəticəsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlaması zamanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov deyib.

Onun sözlərinə görə, onlayn xidmətlər İndeksi üzrə 56 pilləlik sıçrayışla dünyada 11-ci yerə çıxmağımız ABŞ, Böyük Britaniya, Kanada və Norveç kimi ölkələri geridə qoymağımız, eləcə də institusional çərçivə üzrə dünya birincisi olmağımız dövlətin xidmət arxitekturasının qlobal liderlər səviyyəsində qurulduğunu göstərir.

“Bu dinamika göstərir ki, Azərbaycan ənənəvi İT sistemlərinin mərhələli yenilənməsi yolunu deyil, müasir rəqəmsal həllərin vahid standartlar üzərindən birbaşa tətbiqi modelini seçərək qısa müddətdə ciddi keyfiyyət dəyişikliyinə nail olub. Bu uğurun arxasında duran əsas amil ali səviyyəli koordinasiya və qurumlararası data inteqrasiyasıdır. Prezident İlham Əliyevin müəyyən etdiyi “Azərbaycanın yeni rəqəmsal arxitekturası” xətti, 2026–2028-ci illər Fəaliyyət Planı və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti dövlət qurumları arasındakı pərakəndəliyi aradan qaldırıb. Nəticədə "digital.bridge" üzərindən real vaxt rejimində məlumat mübadiləsi qurulub, Rəqəmsal Sənəd Dövriyyəsi ilə "kağızsız hökumət"ə keçid təmin edilib və xidmətlər “mygov” platformasında "bir pəncərə" prinsipi ilə birləşdirilib. Vətəndaş üçün bu dəyişikliklərin əsas praktiki faydası reaktiv xidmətdən proaktiv modelə keçid, yəni arayış toplamaq zərurətinin aradan qalxması, əməliyyatların operativ icrası və insan faktorunun minimuma enməsidir”, - deyə İctimai Şuranın üzvü vurğulayıb.

E.Abbasov qeyd edib ki, əldə olunan 11-ci yer dövlətin rəqəmsal xidmət infrastrukturunun artıq yetkin olduğunu təsdiqləyir: “Növbəti mərhələdə ümumi reytinqdə ilk 20-liyə yüksəlmək və rəqəmsal suverenliyi möhkəmləndirmək üçün diqqət iki əsas istiqamətə yönəldilməlidir. Birincisi, mövcud "Hökumət Buludu" (G-Cloud) və ölkədəki Yüksək Performanslı Hesablama (HPC) mərkəzlərinin potensialını vahid şəbəkədə birləşdirərək xarici proqram lisenziyalarından asılılığı azaltmaq, açıq mənbə kodlu (open-source) həllərə, milli böyük dil modellərinə (LLM) və yerli İKT şirkətlərinin məhsullarına üstünlük vermək vacibdir. İkincisi isə regionlarda yüksəksürətli telekommunikasiya infrastrukturunun genişləndirilməsi və insan kapitalının rəqəmsal bacarıqlarının artırılmasıdır ki, bu da yaradılmış qabaqcıl elektron xidmətlərdən bütün ölkə üzrə bərabər və səmərəli istifadəni təmin edəcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью