Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 18 noyabr, AZƏRTAC
COP31 iqlim maliyyələşdirilməsi gündəliyi tamamilə bloklanıb.
AZƏRTAC “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu barədə “Climate Analytics” şirkətinin baş direktoru Bill Hare Antalyada iqlim konfransı çərçivəsində keçirilən mətbuat konfransında bildirib. O, COP31-in ilk qərar layihəsində hərtərəfli iqlim maliyyələşdirmə planının olmamasına toxunaraq əlavə edib: “Bu, COP-da ən böyük narahatlıqlardan biridir və əslində, həmin məsələ ilə bağlı böyük planın olmamasıdır”.
COP31 əsas qərarının ilk layihəsi ilə bağlı sualı cavablayan baş direktor xüsusilə həssas ölkələr üçün uyğunlaşma maliyyəsinin üçqat artırılmasının təcili olduğunu vurğulayıb və inkişaf etmiş ölkələri lazımi maliyyələşdirməni təmin etmək üçün daha çox iş görməyə çağırıb.
O, iqlim maliyyəsi ilə bağlı müsbət siqnallar olmadan digər məsələlərdə konsensusa gəlməyin də çətin olacağı barədə xəbərdarlıq edib. Hare ilk layihədəki bəzi müddəaların Braziliyadakı COP30-un nəticələrindən, xüsusən də qazıntı yanacaqlarından sürətli və dərhal uzaqlaşmaq çağırışından kənara çıxdığını deyib.
Şirkətin rəhbəri, həmçinin qlobal temperaturun artmağa davam etməsi ilə iqlim uyğunlaşması xərclərinin artdığını və onun effektivliyinin azaldığını qeyd edib. “Düşünürəm ki, son bir neçə ildə elm ictimaiyyətində ən böyük tapıntılardan biri artan xərclər və azalan effektivlik olub. Qlobal miqyasda itki və zərər artır. İndi bilirik ki, istiləşmə dərəcəsinin hər onda biri ilə bu, az-çox eksponensial şəkildə artır”, - deyə o əlavə edib.
Hare, həmçinin xəbərdarlıq edib ki, siyasi fikir ayrılıqları İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin (İDDK) ikinci qlobal icmala verdiyi töhfəni sarsıda bilər. O, üç ölkənin panelin büdcəsini blokladığını, az sayda ölkənin isə işçi qruplarının ikinci qlobal icmal ilə tam uyğunlaşdırılmasına mane olduğunu söyləyib. “Builki COP-da tərəflər İDDK-nın bütün işçi qruplarının tam uyğunlaşdırılması üçün razılığa gəlməkdə siyasi maneələri aşaraq İDDK-ya kömək edə bilərlər”, - deyə o bildirib.
Baş direktor İDDK-nın iqlim dəyişməsinin azaldılması üzrə III işçi qrupu hesabatının ikinci qlobal icmala daxil edilməsinə qarşı çıxan Hindistanı xüsusi qeyd edərək, bu ölkənin mövqeyini “çox korafəhm” adlandırıb. O, Hindistan hökumətinin məsələ ilə bağlı “daha geniş vizyon” qəbul edəcəyinə ümid etdiyini bildirib.