Konkret.az saytına istinadən Icma.az xəbər verir.
“Məktəblərdə dünyəvi təhsil elmi biliklərə, tənqidi düşüncəyə və bərabər imkanlara əsaslanmalıdır. Şagirdə yalnız məlumat əzbərlətmək yox, sual vermək, araşdırmaq, faktla fikri ayırmaq və müstəqil nəticə çıxarmaq bacarığı qazandırılmalıdır.
Dünya təcrübəsində Finlandiya modeli bu baxımdan maraqlı nümunədir. Orada uşağın fərdi öyrənmə ehtiyaclarına, məktəbdə özünü yaxşı hiss etməsinə və dərslərdə fəal iştirakına önəm verilir. Müxtəlif fənləri birləşdirən layihələr vasitəsilə şagird öyrəndiklərinin həyatda bir-biri ilə necə əlaqəli olduğunu görür. Məqsəd yalnız imtahana hazırlaşmaq deyil, düşünməyi və problem həll etməyi öyrənməkdir”.
Bu fikirləri təhsil eksperti Fuad Hacıyev bu məsələni KONKRET.az-a açıqlamasında səsləndirib.
“Əlbəttə, Finlandiya modelini Azərbaycanda bütövlükdə tətbiq etmək asan deyil. Bunun üçün müəllim hazırlığından məktəblərin imkanlarına və idarəetməyə qədər ardıcıl dəyişikliklər lazımdır. Amma həmin yanaşmaları şəraitimizə uyğun, mərhələli şəkildə tətbiq edə bilsək, təhsilimiz üçün çox dəyərli nəticə olar. Uşağın dərsə həvəslə getdiyi, müəllimin onun inkişafına vaxt ayıra bildiyi məktəb qurmaq hədəfimiz olmalıdır”, – F.Hacıyev qeyd edib.
Ekspert vurğulayır ki, əsas məsələ sinifdə verilən biliyin elmi əsaslara söykənməsi, tədrisin beynəlxalq standartlara cavab verməsi və uşağı dəyişən dünyaya hazırlamasıdır:
“Şagird illərlə məktəbə gedib fikrini sərbəst ifadə edə, öyrəndiyini tətbiq edə bilmirsə, diqqəti ilk növbədə burada çatışmayan məqamlara yönəltməliyik.
Dünyəvi təhsil sistemi istəyiriksə, məktəblərimizi dünya standartlarına cavab verən texnologiyalarla, müəllimlərimizi isə həmin standartlara uyğun bilik və bacarıqlarla təmin etməliyik”.
Aynurə İsmayıl
KONKRET.az