Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Elektrobusların istehsalına başlanılırÖlkəmizin avtobus parkının yenilənməsi, ictimai nəqliyyatda çoxnövlülüyün artırılması istiqamətində daha bir vacib addım atılıb.
Azərbaycan hökuməti ilə Çinin “BYD Company Limited” şirkəti arasında ölkəmizdə elektrik avtobusları istehsalının lokallaşdırılması layihəsi üzrə “Layihənin icra müqaviləsi”nin imzalanma mərasimi keçirilib.
Müqaviləni iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, maliyyə nazirinin müavini Azər Bayramov, BYD şirkətinin Mərkəzi Asiya və Qafqaz ölkələri üzrə icraçı direktoru Çao Şuan, SARDA Group şirkətinin təsisçisi, baş icraçı direktoru Rauf Xəlilov və “Electrify Azerbaijan” MMC-nin direktoru Tariyel Rüstəmov imzalayıblar.
Müqaviləyə əsasən, layihə çərçivəsində Azərbaycanda elektrik avtobusların istehsalının qurulması və ehtiyat hissələrinin lokallaşdırılması, 2030-cu ilə qədər mərhələli şəkildə lokallaşma səviyyəsinin 40%-ə çatdırılması nəzərdə tutulur.
Şirkətlə bağlanmış müqavilə əsasında COP29 konfransı çərçivəsində pilot olaraq ölkəmizə 160 ədəd elektrik mühərrikli BYD markalı avtobus gətirilib və marşrut xəttinə çıxarılıb.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev layihənin əsas məqsədinin ölkəmizin ictimai nəqliyyat sistemini daha təmiz və səmərəli elektrik avtobuslarla təmin etmək və yerli istehsal potensialını genişləndirmək olduğunu vurğulayıb.
Qeyd olunub ki, layihənin icrası Azərbaycanda yaradılacaq yeni istehsal sahələrində yüksək texnologiyaların tətbiqinə şərait yaradacaq, yeni iş yerlərinin açılmasını təmin edəcək.