Ekspert: Payız mövsümü turizm sektoru üçün həm keçid, həm də strateji planlaşdırma dövrüdür

08.09.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 8 sentyabr, AZƏRTAC

Payız mövsümündə ölkə turizmində aktivliyin yay ayları ilə müqayisədə nisbətən azalması müşahidə olunur. Bu dövr, əsasən, yay mövsümündə intensiv fəaliyyət göstərən turizm obyektləri və şirkətlərin əməkdaşlarının qismən istirahət etdiyi, eyni zamanda, növbəti – qış mövsümünə hazırlıq işlərinin aparıldığı keçid mərhələsi kimi xarakterizə olunur.

Bunu AZƏRTAC-a açıqlamasında turizm üzrə ekspert Kənan Hənifəyev deyib.

Ekspert qeyd edib ki, bu müddətdə turizm subyektləri yeni turizm proqramlarının hazırlanması, marşrutların yenilənməsi, xidmətlərin təkmilləşdirilməsi və qış turizmi mövsümünə hazırlıq istiqamətində intensiv işlər həyata keçirirlər. Payız ayları turizm sektorunda növbəti mövsüm üçün planlaşdırma və heyətlərin peşəkarlığının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə Qəbələ, Şahdağ və Tufandağ kimi dağ-xizək mərkəzlərində infrastrukturun texniki baxışdan keçirilməsi, mehmanxana və yerləşmə məkanlarının qış mövsümü üçün rezervasiya sistemlərinin yenilənməsi məhz bu dövrə təsadüf edir. Bundan əlavə, bölgələrdə aqroturizm, sağlamlıq (sanatoriya-kurort) və mədəni turizm istiqamətində payız paketlərinin formalaşdırılması da aktuallıq qazanır.

Kənan Hənifəyev vurğulayıb ki, payız aylarında ölkədə keçirilən beynəlxalq idman tədbirləri və mövsümi biznes konfransları turizm fəallığının müəyyən qədər artmasına və Azərbaycana səfər edən xarici turistlərin sayına müsbət təsir göstərir: “Xüsusilə “Formula 1” Azərbaycan Qran-Prisinin keçirilməsi, eləcə də “Sabah” futbol klubunun UEFA Çempionlar Liqasının oyunları çərçivəsində Bakıda keçirəcəyi qarşılaşmalar zamanı ölkəyə xarici qonaqların səfərinin artacağı gözlənilir. Bu cür beynəlxalq tədbirlər yalnız turist axınının artmasına deyil, eyni zamanda, ölkənin turizm imkanlarının xarici auditoriyaya daha geniş təqdim olunmasına, mehmanxana, iaşə, nəqliyyat və digər xidmət sahələrində aktivliyin yüksəlməsinə də şərait yaradır”.

Mütəxəssisin fikrincə, irimiqyaslı beynəlxalq idman və mədəniyyət tədbirləri ölkə iqtisadiyyatına birbaşa və dolayısı ilə multiplikativ təsir göstərir. Payız aylarında paytaxta gələn azarkeşlər və nümayəndə heyətləri təkcə otel sektorunun gəlirlərini artırmır, eyni zamanda şəhər nəqliyyatı, suvenir satışı, milli mətbəx obyektləri və muzeylərin gəlirlərinin yüksəlməsinə təkan verir. Bu da öz növbəsində mövsüm risklərini azaldaraq, ölkədə 12 aylıq davamlı turizm modelinin formalaşmasına kömək edir.

Müxbir – Fidan Əlizadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью