Ekspert: Süni intellekt yeni imkanlarla yanaşı, ciddi risklər də yaradır

07.08.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Süni intellekt texnologiyalarının sürətli inkişafı gündəlik həyatda yeni imkanlar formalaşdırır. Bu barədə XQ-yə açıqlamasında süni intellekt üzrə ekspert Dilarə Zamanova bildirib.

Onun sözlərinə görə, süni intellekt səhiyyə, təhsil, iqtisadiyyat və digər sahələrdə geniş tətbiq olunaraq insanların həyatını əhəmiyyətli dərəcədə asanlaşdırır. Mütəxəssis qeyd edib ki, texnologiyanın inkişafı ilə ağır və əl əməyinə əsaslanan işlərin əhəmiyyətli hissəsi avtomatlaşdırılır, sənaye və kənd təsərrüfatında innovativ həllərin tətbiqi genişlənir.

D.Zamanova vurğulayıb ki, son illər Azərbaycanda da süni intellekt sahəsində dinamik inkişaf müşahidə edilir. Onun fikrincə, dövlət və özəl sektorun bu istiqamətə artan marağı ölkənin yeni texnoloji inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.

Mütəxəssiz xatırladıb ki, işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Şərqi Zəngəzurda həyata keçirilən "ağıllı kənd" layihələri ölkədə rəqəmsal texnologiyaların və süni intellekt həllərinin tətbiqinə verilən önəmin göstəricisidir.

Bununla yanaşı, Dilarə Zamanova süni intellektin yaratdığı risklərə də diqqət çəkib. Onun sözlərinə görə, xüsusilə "deepfake" texnologiyası vasitəsilə hazırlanan saxta video, foto və səs materialları dezinformasiyanın yayılması, maliyyə dələduzluğu və insanların nüfuzuna zərər vurulması kimi təhlükələri artırır.

"Dünya üzrə süni intellekt inkişaf etdikcə kiberdələduzluq halları da çoxalır, insanların şəxsi məlumatlarının və maliyyə vəsaitlərinin oğurlanması halları aktuallaşır. Bu səbəbdən bir çox ölkələr həm hüquqi, həm də texnoloji müstəvidə yeni həllər üzərində işləyirlər", – deyə o bildirib.

Onun fikrincə, "deepfake" təhdidlərinə qarşı mübarizədə təkcə texnoloji vasitələr kifayət etmir. Bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi, rəqəmsal savadlılığın artırılması və əhalinin maarifləndirilməsi mühüm əhəmiyyət daşıyır.

D.Zamanova hesab edir ki, inkişaf etmiş ölkələrin təcrübəsinə uyğun olaraq Azərbaycanda da həyata keçiriləcək kompleks tədbirlər süni intellektdən təhlükəsiz və məsuliyyətli istifadənin təmin edilməsinə mühüm töhfə verəcək.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью