Ekspertdən 2027 ci illə bağlı XƏBƏRDARLIQ KONKRET

09.10.2026

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Kənd yumurtasının bir ədədinin qiymətinin 40 qəpiyə yüksəlməsi istehlakçıların diqqətini çəkib. Xüsusilə təbii və keyfiyyətli məhsula üstünlük verən ailələrin daha çox aldığı kənd yumurtasının bahalaşması bir sıra suallar doğurur.

Mövsümi amillər və yem xərcləri qiymətlərə necə təsir edir? Qarşıdakı aylarda kənd yumurtasının daha da bahalaşması gözlənilirmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova bildirib ki, qiymət artımının əsas səbəblərindən biri payız və qış aylarında yumurta istehsalının azalmasıdır.

“Yaz və yay aylarında toyuqların yumurtlama intensivliyi daha yüksək olur. Digər fəsillərdə isə məhsuldarlıq azalır ki, bu da bazarda tələb və təklif arasındakı tarazlığa təsir göstərir.

Kənd yumurtasına əsasən azyaşlı və məktəbli uşaqlar üçün təbii məhsul kimi üstünlük verilir. Bu səbəbdən məhsula tələbat yüksək olaraq qalır. Hər il eyni mövsümdə müəyyən qıtlıq və qiymət artımı müşahidə edilir”.

Günay Hüseynova qiymətlərin gələcək dinamikasına da toxunaraq bildirib ki, növbəti bahalaşma yanvar ayından sonra baş verə bilər. Belə ki, 2027-ci ilin yanvarında on il müddətinə tətbiq olunan ƏDV güzəştinin müddəti başa çatır. Həmin güzəşt idxal olunan buğda məhsullarına da şamil edilirdi.

“Güzəştin müddəti uzadılmasa, buğdanın qiymətində artım yarana bilər. Bu isə xüsusilə yem tədarükündən asılı olan kiçik təsərrüfatlara əlavə xərc yükü gətirər.

Əsasən kənd və rayonlarda əhali öz təsərrüfatında məhsul yetişdirir. Bakıətrafı kəndlərdə, Sumqayıt və Gəncə kimi şəhərlərdə isə təsərrüfat sahibləri buğdanı satın alırlar. Bu səbəbdən qiymət artımı ilk növbədə həmin təsərrüfatların xərclərinə təsir göstərə bilər”.

Beləliklə, kənd yumurtasının qiymətində mövsümi dəyişikliklərlə yanaşı, yem xərclərinin gələcək dinamikası da mühüm rol oynaya bilər. ƏDV güzəştinin uzadılıb-uzadılmaması isə 2027-ci ildə istehsal xərclərinə təsir göstərə biləcək amillərdən biri kimi diqqət çəkir.

Aynurə İsmayıl

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью