Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Rumıniya yakın aylarda neft idxalından yüksək asılılıq, Qara dəniz regionunda təhlükəsizlik risklərinin artması və əsas nəqliyyat marşrutlarında yaşanan problemlər səbəbindən ciddi enerji çətinlikləri ilə üzləşə bilər.
XQ-nin məlumatına görə, ölkənin “Money.ro” portalında dərc olunan təhlildə bildirilir ki, Rumıniya hazırda neft emalı müəssisələrinin tələbatının yalnız dörddəbirini daxili hasilat hesabına ödəyir, qalan hissə isə əsasən Qazaxıstan, Azərbaycan və digər ölkələrdən idxal edilir. İdxal olunan neftin yarıya yaxınının gətirildiyi Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) fəaliyyətindəki fasilələr və Qara dənizdəki hərbi risklər tədarük zəncirini həssas edir. Rumıniyanın Ağıllı Enerji Assosiasiyasının prezidenti Dumitru Kisalitsa diqqətə çatdırıb ki, ölkənin enerji təhlükəsizliyi eyni vaxtda yüksək hərbi risk daşıyan bir neçə marşrutdan asılıdır.
Analitiklərin fikrincə, xüsusilə Qazaxıstan neftinin emalına uyğunlaşdırılmış ölkənin en böyük neft emalı müəssisəsi — Petromidia zavodu üçün uzunmüddətli tədarük qırılmaları texniki və maliyyə çətinlikləri yarada bilər. Eyni zamanda, iqtisadiyyatın aparıcı sahələri olan yükdaşımalar, kənd təsərrüfatı və sənaye üçün həyati əhəmiyyət daşıyan dizel yanacağının təchizatında problemlərin yaranması və qiymət artımı ehtimalı yüksək qiymətləndirilir. Mütəxəssislər böhranın qarşısını almaq üçün strateji ehtiyatların idarə olunmasının şəffaflaşdırılmasını, eləcə də Azərbaycan, Şimali Afrika, Şimal dənizi və ABŞ kimi alternativ mənbələrdən uzunmüddətli neft tədarükünün genişləndirilməsini zəruri hesab edirlər. Hazırda ölkədə yanacaq qıtlığı olmasa da, Qara dəniz regionundakı gərginliyin dərinləşməsi böhranı sürətləndirə bilər.