Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Məhkəmə ekspertinin verdiyi bir cümlə insanın azadlığına, mülkiyyətinə, ailəsinə və hətta nüfuzuna təsir edə bilər”.
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin nugünkü iclasında deyib.
Onun sözlərinə görə, məhkəmə qərarlarının formalaşmasında ekspert rəyləri bəzən həlledici rol oynayır. Buna görə də məqsəd yalnız müvafiq diplomu olan ekspertləri işə cəlb etmək deyil, həm də onların biliklərinə, vicdanına və obyektivliyinə etibar edilə bilən sistem qurmaqdır.
Deputat bildirib ki, ekspertiza sistemi vətəndaşların hüquqlarının qorunmasına xidmət etməli, ekspert rəylərinin hazırlanmasında müstəqillik və obyektivlik təmin olunmalıdır.
R.Nurullayev ekspertlərin peşə fəaliyyətinin davamlı qiymətləndirilməsinin vacibliyini də vurğulayıb. O qeyd edib ki, diplom şəxsin müvafiq təhsil aldığını təsdiqləsə də, onun hazırda peşəkar səviyyədə fəaliyyət göstərdiyini tam sübut etmir.
Deputat bildirib ki, elm və ekspertologiya sahəsində biliklər yenilənir, yeni ekspertiza metodları meydana çıxır. Buna görə də ekspertlər mütəmadi olaraq peşə biliklərinin artırılması və qiymətləndirilməsi prosesinə cəlb edilməlidirlər.
O, həmçinin ekspertiza fəaliyyətinin keyfiyyətinə dair statistikanın və məlumatların ictimaiyyətə açıqlanmasını təklif edib. Onun fikrincə, təkrar ekspertizaların sayı, ekspertlərin fəaliyyətində aşkar edilən ciddi nöqsanlar və görülən tədbirlər barədə məlumatların açıqlanması sistemə ictimai etimadı artıra bilər.
Zeynəb Rzayeva