Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.
Noyabrın 16-dan eksternat təhsilalma forması üzrə ümumi orta və tam orta təhsil haqqında təhsil sənədi almaq istəyən şəxslərdən sənəd qəbuluna başlanılıb.
Bu barədə SİA-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, sənəd qəbulu dekabrın 18-dək davam edəcək. Namizədlər müvafiq təhsili yerli idarəetmə bölməsinə ünvanlanmış ərizə, doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq olunmuş surəti, fotoşəkil, yaşayış yerindən arayış, əvvəllər təhsil aldığı müəssisədən təhsildən yayınma səbəbi və tədris ilini göstərən arayışın surəti, həmçinin hərbi biletin surətini təqdim etməlidirlər.
Tam orta təhsil səviyyəsi üzrə eksternat formasında aralıq imtahanlarında iştirak etmək istəyən şəxslərdən əlavə olaraq ümumi orta təhsil haqqında attestatın notariat qaydasında təsdiq olunmuş surəti tələb olunur.
Qeyd olunub ki, eksternat təhsil üzrə keçiriləcək imtahanlarda ümumi orta təhsil səviyyəsi haqqında attestat almaq istəyən yaşı 16-dan, tam orta təhsil səviyyəsi haqqında attestat almaq istəyən isə yaşı 18-dən aşağı olmayan şəxslər iştirak edə bilərlər.
Eksternat təhsilalma formasının tətbiqində məqsəd müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsilini başa vura bilməyən şəxslərə müvafiq buraxılış imtahanlarında iştirak edərək təhsil sənədi əldə etmək imkanı yaratmaqdır.