Icma.az bildirir, 525.az portalına istinadən.
Azərbaycanda son onilliklər ərzində yay mövsümünün daha uzun və isti keçməsi, yaz və payız fəsillərinin isə əvvəlki dövrlərlə müqayisədə qısalması və qeyri-sabit hava şəraiti ilə müşayiət olunması diqqət çəkir. Bu tendensiyalar iqlim dəyişmələrinin təsirlərinin qiymətləndirilməsi və elmi əsaslarla planlaşdırılmasının zəruriliyini aktuallaşdırır.
Mütəxəssislərin fikrincə, iqlim dəyişmələri əsasən havanın orta temperaturunun yüksəlməsi ilə əlaqələndirilsə də, bu proses təkcə istiləşmə ilə məhdudlaşmır. Havanın orta temperaturunun artması müəyyən ərazilərdə və regionlarda lokal və qlobal miqyasda istiləşməni gücləndirsə də, atmosferdə rütubətin artması və hava axınlarının dəyişməsi nəticəsində bəzi isti və quraq bölgələrdə uzun fasilədən sonra nadir qar hadisələri də müşahidə oluna bilir.
Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutundan bildirilib ki, uzunmüddətli istiləşmə fonunda qısamüddətli və lokal xarakterli soyuq hava hadisələrinin, o cümlədən nadir qar yağıntılarının baş verməsi mümkündür. Bu baxımdan, iqlim dəyişmələrinin yalnız temperaturun yüksəlməsi ilə izah edilməsi düzgün yanaşma hesab edilmir. Dünyanın ayrı-ayrı bölgələrində istiləşmə prosesi üstünlük təşkil etsə də, bəzi ərazilərdə əks tendensiyalar müşahidə olunur. Bununla belə, qlobal miqyasda ümumi istiləşmə meyli davam edir.
Araşdırmalara görə, qlobal istiləşmə yalnız ekoloji deyil, həm də iqtisadi baxımdan ciddi nəticələr doğurur. Əvvəlki dövrlərdə bu proses əsasən ekosistemlərə təsiri ilə qiymətləndirilsə də, hazırda onun kənd təsərrüfatı, su ehtiyatları, enerji təminatı və digər sahələr üçün yaratdığı risklər daha qabarıq şəkildə özünü göstərir.
Qlobal iqlim dəyişmələri mövsümlərin ənənəvi ritmini də dəyişir. Bir çox regionlarda yaz və payız fəsillərinin müddəti qısalır, onların xarakterik xüsusiyyətləri zəifləyir. Nəticədə il ərzində uzunmüddətli isti və quraq yay mövsümü, eləcə də nisbətən qısa, mülayim və dəyişkən qış dövrü daha aydın nəzərə çarpır.
Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Xəzər dənizinin coğrafiyası laboratoriyasının aparıcı elmi işçisi, professor Əmir Əliyev Avropada müşahidə olunan iqlim proseslərinin, havanın temperaturunun kəskin dəyişməsinin əsasən Şimali Atlantika üzərindən hava kütlələrinin, siklonların, antisiklonların həmin ərazilərə daxil olması ilə əlaqədar olduğunu deyib. Professor ölkəmizin, xüsusilə Xəzər dənizi hövzəsinin həmin əraziyə daxil olması səbəbindən oxşar proseslərin burada müşahidə edilmə ehtimalının yüksək və gözlənilən olduğunu, lakin temperatur göstəricilərinin relyefə görə fərqləndiyini bildirib: "Azərbaycanda son günlər qeydə alınan temperatur yüksəlməsi Avropada müşahidə olunan proseslərlə, bilavasitə Şimali Atlantika üzərində əmələ gələn hava kütlələrinin bizim ərazilərə daxil olması ilə sıx əlaqədardır. Ona görə Avropada qeydə alınan iqlim prosesləri Azərbaycanda da özünü göstərir. Həmçinin Azərbaycana həm də cənubdan hava kütlələri daxil olur. Cənubdan daxil olan isti hava kütlələri onlara qarışaraq Azərbaycanda hava şəraitini təyin edir. Bu nöqteyi-nəzərdən ölkəmizdə müşahidə edilən temperatur göstəriciləri, yəni yüksəlmələri bilavasitə həmin proseslərlə bağlıdır".
ETN Coğrafiya İnstitutunun iqlim şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Həsən Nəbiyev qeyd edib ki, hazırda müşahidə olunan iqlim dəyişmələrini qlobal istiləşmənin davamı kimi səciyyələndirmək olar. Qlobal istiləşməni həm birbaşa, həm də dolayı olaraq sübuta yetirmək mümkündür. Yer səthində qlobal temperaturun müşahidələr nəticəsində qeyd olunan artımı okean səviyyəsinin qalxması, quruda qar və buz örtüyünün sahəsinin azalması, Azərbaycanda qar xəttinin yuxarıya qalxması, dağ buzlaqlarının sahəsinin əhəmiyyətli dərəcədə azalması ilə müşayiət olunur. Orta sutkalıq temperaturun müəyyən hədlərdən keçidinin yazda tezləşməsi, payızda gecikməsi, bu keçid tarixləri arasındakı dövrün davamiyyətinin, aqroiqlim ehtiyatlarının əsas göstəricisinin artması və başqa bu kimi əlamətlər iqlim dəyişmələrinin dolayı təsdiqləyicisidir: "Hazırda dünyada iqlim dəyişmələrinin əsas səbəbi kimi antropogen, yəni insan amili ön plana çəkilsə də, təbii geofiziki faktorlar da bu dəyişikliklərdə böyük rol oynayır".
Onun sözlərinə görə, aparılan tədqiqatlar ekstremal hava hadisələrinin, xüsusilə mart-may aylarında artan leysan yağışlarının həm də Günəş fəallığının yüksəlməsi ilə bağlı olduğunu sübut edir. H.Nəbiyev vurğulayır ki, Günəşin növbəti aktivliyi şimal-cənub istiqamətli kəskin hava axınlarını sürətləndirir. Azərbaycanda və ətraf coğrafiyada sel, daşqın və dolu kimi fəlakətlərin tez-tez təkrarlanması məhz bu meridional hava axınlarının intensivləşməsi ilə bağlıdır. İqlimşünasın fikrincə, hazırda Azərbaycanın dağətəyi zonalarında quraqlaşma və ümumi yağıntı azalması müşahidə edilsə də, yüksək dağlıq ərazilərə doğru qalxdıqca, yağıntıların qəfil artması və anomal xarakter alması prosesi gedir ki, bu da dağ çaylarında fəlakətli sellərin yaranma mexanizmini birbaşa stimullaşdırır.
Qlobal istiləşmənin təsirləri artıq dünyanın hər yerində hiss olunur. Son illərdə uzunmüddətli quraqlıqlar, güclü istilər, meşə yanğınları, daşqınlar, sel və fırtınalar daha tez-tez baş verir. Qütb buzlaqlarının əriməsi dəniz səviyyəsinin yüksəlməsinə səbəb olur ki, bu da sahilyanı yaşayış məntəqələri üçün ciddi təhlükə yaradır. Eyni zamanda biomüxtəliflik azalır, bir çox heyvan və bitki növünün məhv olma riski artır. Azərbaycan da iqlim dəyişikliklərinin təsirinə məruz qalan ölkələr sırasındadır. Bu dəyişikliklər həm iqtisadiyyata, həm də əhalinin həyat keyfiyyətinə mənfi təsir göstərir. Qlobal istiləşmənin qarşısının alınması üçün istixana qazlarının emissiyası azaldılmalı, bərpa olunan enerji mənbələrindən istifadə genişləndirilməli, meşələrin qorunması və yeni yaşıllıq sahələrinin salınması təşviq edilməlidir. Eyni zamanda tullantıların təkrar emalı, enerjidən səmərəli istifadə və ekoloji maarifləndirmə də mühüm rol oynayır. Dövlətlər arasında beynəlxalq əməkdaşlıq və iqlim sazişlərinə əməl olunması bu mübarizənin əsas şərtlərindəndir.
Həsən Nəbiyevin sözlərinə görə, qlobal istiləşmə xüsusilə Arktikada daha sürətlə gedir. Onun sözlərinə görə, qütbətrafı ərazilərdə temperaturun artması nəticəsində buzla örtülü sahələr azalır, bu isə yüksək və aşağı enliklər arasında temperatur və təzyiq fərqlərinin zəifləməsinə səbəb olur.
Nəticədə hava kütlələrinin hərəkəti zəifləyir və isti hava daha uzun müddət eyni ərazidə qalır. Bu proseslər həm də atmosferdə rütubətin artmasına və ekstremal hava hadisələrinin güclənməsinə gətirib çıxarır. Məsələn, 2021-ci ilin iyul ayında Almaniyada baş vermiş və böyük dağıntılara səbəb olmuş "Bernd" siklonu bu tendensiyanın təzahürü hesab olunur: "Azərbaycanda iqlim dəyişiklikləri sel, daşqın və dolu kimi təbii hadisələrin artması, həmçinin temperaturun yüksəlməsi və yağıntının azalması ilə müşahidə olunur. Bu proseslər meridional sirkulyasiyanın güclənməsi və cənub siklonlarının təsirinin artması ilə əlaqələndirilir. Araşdırmalara görə, dəyişikliklər Günəş fəallığının yüksəlməsi ilə də bağlıdır".
Həsən Nəbiyev qeyd edib ki, "World Weather Attribution" qrupunun araşdırmalarına görə, son 100 ildə ekstremal isti hava dalğalarının təkrarlanma tezliyi on dəfədən çox artıb. Eyni zamanda, bu cür hadisələr zamanı temperatur əvvəlki dövrlərlə müqayisədə təxminən 4°C daha yüksək olur.
Atmosfer sirkulyasiyasında baş verən dəyişikliklər nəticəsində Aralıq dənizindən Barens dənizinə qədər uzanan yüksək təzyiq sahələri formalaşır və bu, Atlantik okeanından gələn rütubətli hava kütlələrinin hərəkətini məhdudlaşdırır. Nəticədə bəzi bölgələrdə quraqlıq, digərlərində isə intensiv yağıntılar müşahidə olunur: "İqlim dəyişiklikləri Azərbaycanda da öz təsirini göstərir. Ölkə ərazisində sel, daşqın, dolu kimi təbii fəlakətlərin sayı artır, küləklərin istiqaməti və gücü dəyişir, temperatur yüksəlir, yağıntı azalır və su ehtiyatları ilə bağlı problemlər yaranır. Tədqiqatlar göstərir ki, bu dəyişikliklər həm də Günəş fəallığının artması ilə əlaqəlidir. Hazırda Günəşin 25-ci 11 illik siklinin aktiv mərhələsində olması atmosfer proseslərində dəyişkənliyi artırır və meridional hava axınlarının daha tez-tez baş verməsinə səbəb olur".
Normal şəraitdə Arktika üzərində formalaşan soyuq hava kütlələri müəyyən xətt üzrə hərəkət edir. Elmdə "hava burulğanı" adlanan bu sistemlər dünyada iqlim balansını qoruyur. Lakin qlobal istiləşmə və güclü atmosfer təzyiqləri səbəbindən bu burulğanlar zəifləyir və parçalanır. İstiqamətini itirən hava axınları fərqli bölgələrə yayılır. Nəticədə müxtəlif yerlərdə qəfil temperatur dəyişmələri, güclü leysanlar və sellər yaranır: "Son aylar ölkəmizdə və regionda müşahidə olunan qeyri-sabit hava şəraiti məhz qlobal proseslərin nəticəsidir. Bu, həm də havanın kəskin dəyişməsinin təsadüfi və ya yerli amillərlə bağlı olmadığını, arxasında böyük iqlim hərəkətlərinin dayandığını göstərir. Deməli, Azərbaycandakı intensiv yağışlar da ümumi iqlim dəyişikliyinin bir hissəsidir".
Sevinc QARAYEVA