Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Meksikada uzun illər davam edən axtarışlardan və iki uğursuz cəhddən sonra “El Çapo İsidro” ləqəbi ilə tanınan narkobaron Fausto İsidro Mesa Flores saxlanılıb. Onun ələ keçirilməsi Meksika xüsusi təyinatlı qüvvələri ilə ABŞ kəşfiyyatının əməkdaşlığı nəticəsində mümkün olub.
Turkustan.az oxu.az-a istinadən xəbər verir ki, əməliyyatın təfərrüatını “The New York Times” qəzeti açıqlayıb.
Nəşrin məlumatına görə, əməliyyatın uğurla nəticələnməsində ənənəvi kəşfiyyat üsulları ilə müasir texnologiyaların birgə tətbiqi mühüm rol oynayıb.
Bir neçə həftə ərzində mütəxəssislər Mesa Floresin anası, həyat yoldaşı və bacısının göndərdiyi, ələ keçirilmiş mətn mesajlarını təhlil edərək onun görüşlərinin və əyləncə tədbirlərinin dəqiq qrafikini müəyyənləşdiriblər.
Meksika hakimiyyətinin icazəsi ilə Sinaloa ştatı üzərində uçuşlar həyata keçirən ABŞ-yə məxsus pilotsuz uçuş aparatları (PUA) real vaxt rejimində görüntülər ötürüblər. Analitiklər narkobaronu səsinə, bədən quruluşuna və özünəməxsus yerişinə görə tanıya biliblər.
Radiotezliklərin monitorinqi isə əməliyyatın başladığı anda xüsusi təyinatlı qüvvələrə narkobaronun Quasave şəhərindəki evinin dəqiq yerini müəyyənləşdirməyə imkan verib.
Kartelin əsas istehkamlarından biri hesab edilən Quasave şəhərinə daxil olmaq üçün Meksika hakimiyyəti diqqəti yayındırma taktikasından istifadə edib.
“Birləşmiş Xüsusi Təyinatlı Qüvvələr” adlı elit bölmənin əməkdaşları narkobaronun evinə gizli şəkildə yaxınlaşdıqları vaxt digər şəhərdə – Los-Moçisdə yayındırıcı reydlər keçirilib.
Xüsusi təyinatlılar binaya daxil olduqda kartel üzvləri zirehli pikaplara quraşdırılmış iriçaplı silahlardan cavab atəşi açıblar. Əməliyyat zamanı şəhərin səmasında iki “Black Hawk” helikopteri fəaliyyət göstərib.
Narkobaron noyabrın 21-də saxlanılıb. Onunla birlikdə yaxın adamları – əmisi oğlu və “Serafin” ləqəbli müavini Herman, həmçinin qruplaşmanın maliyyə işlərinə cavabdeh olan Xose də tutulublar.
Reyd zamanı baş verən atışmada dörd Meksika hərbçisi və narkokartelin yeddi üzvü həlak olub.