“El Klasiko”nu idarə edən hakim millinin oyununda İrəvanda da fit çalıb

16.11.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan yığması bu gün yoldaşlıq oyununda Andorra ilə qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, matçı ispaniyalı Xose Luis Munuera idarə edəcək.

Referi ölkə futboluna tanış simadır. O, 2022-ci ildə Çempionlar Liqasında Polşada baş tutan “Lex” – “Qarabağ” qarşılaşmasını idarə edib. Təmsilçimiz həmin görüşdə məğlub olub – 0:1.

2016-cı ildə İspaniya La Liqasında debüt edən Xose Luis 2019-cu ildən FIFA referisidir. 43 yaşlı hakim bu mövsüm cəmi 11 oyun idarə edib. O, La Liqada 6, Konfrans Liqasında 2, Millətlər Liqasında 1, İspaniya Kubokunda 1, Səudiyyə Ərəbistanı Kubokunda 1 matça təyinat alıb.

Munuera bu görüşlərdə 35 sarı, 2 qırmızı vərəqə göstərib. Referi La Liqada 5, İspaniya Kubokunda 2 dəfə penalti təyin edib.

Referi bunadək üç dəfə finallarda olub. O, 2025/26 mövsümündə “Barselona” ilə “Real” arasında baş tutan İspaniya Superkubokunun finalında fit çalıb. “El Klasiko” kataloniyalıların qələbəsiylə yekunlaşıb – 3:2. 2015/16 mövsümündə La Liqanın pley-off finalında “Osasuna” – “Jirona”, 2023/24-də isə İspaniya Kubokunda “Atletik” – “Malyorka” görüşündə baş hakim olub.

İspaniyalı referi sentyabrda Millətlər Liqasında İrəvanda keçirilən Ermənistan – Monteneqro oyununu da idarə edib. Həmin görüşdə Monteneqro 3:2 hesabıyla qalib gəlib.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью