Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Gözəl insan, dəyərli ziyalı Nizami Əli oğlu Suvarov əzəl gündən dünyaya yaxşılıq üçün gəlmişdi və bəşəri dəyərləri özündə yaşadan bu missiyanı şərəflə yerinə yetirir. O, həyatının mənasını nəcib, xeyirxah əməllərdə tapa-tapa ömrünün müdriklik zirvəsinə- 65-ci ilinə çatdı. Elə Nizami Suvarovu el gözündə ucaldan, onu hörmət-izzət sahibi edən yaşadığı illər boyu parlaq xarakterində cəmləşdirdiyi insanlığın zinəti sayılan saf və ülvi duyğulardır. Onun gördükləri el-obaya yalnız sevinc gətirir.
Nizami Suvarovun işıqlı təfəkkürü, şəfalı əlləri neçə-neçə insana ikinci həyat bəxş edib. O, həm də Yeni Azərbaycan Partiyasına daxil olduğu gündən üzərinə düşən məsuliyyəti düzgün başa düşüb, cəmiyyətin mütərəqqi ruhda inkişafına, xalqın saf məram və məqsədlər ətrafında səfərbər olmasına çalışıb.
Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatında Nizami Suvarovun 65 illik yubileyi münasibətilə görüş keçirildi . YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyevin, sədr müavini Elnur Məmmədovun, təşkilatın əməkdaşı Elman Rəcəbovun, Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərovun, Qarabağ Müharibəsi və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon təşkilatının sədri Veysəl Məlikovun iştirak etdikləri tədbir zamanı Nizami Suvarovun uzun illər həkim kimi göstərdiyi xidmətlər, insanların sağlamlığının qorunması istiqamətində gördüyü işlər və cəmiyyətə verdiyi töhfələr yüksək qiymətləndirildi : “ Həkimlik böyük məsuliyyət, insanlara sevgi, mərhəmət və fədakarlıq tələb edən müqəddəs peşələrdən biridir. Bu peşəyə sədaqətlə xidmət etmək, insanların sağlamlığı naminə yorulmadan çalışmaq hər zaman böyük hörmət gətirir.”
Həmçinin natiqlər yubilyarı 65 illik ömür yolu münasibətilə səmimi-qəlbdən təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzuladılar.
N. Suvarov öz növbəsində onun 65 illik yubileyinin qeyd olunmasına, göstərilən diqqət və ehtirama görə Yeni Azərbaycan Partiyasının Lerik rayon təşkilatının rəhbərliyinə və kollektivinə dərin minnətdarlığını bildirdi. O, Yeni Azərbaycan Partiyasının fəaliyyətinə, Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarına və bu ideyaların Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilməsinə daim hörmətlə yanaşdığını vurğuladı .
Sonda YAP Lerik rayon təşkilatı tərəfindən Nizami Suvarovun uzun illər səhiyyə sahəsində göstərdiyi fədakar əməyə, peşə fəaliyyətində qazandığı nailiyyətlərə və cəmiyyətə verdiyi töhfələrə görə ona Fəxri Fərman və qiymətli hədiyyə təqdim olundu.
Tural Əliyev,
Lerik rayonunun Dəstər kənd məktəbinin müəllimi