Əl Nəssr yenə uduzdu, Ronaldo yenə qol vura bilmədi

08.05.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Səudiyyə Ərəbistanı çempionatında 30-cu turun mərkəzi oyununda Kriştiano Ronaldonun şərəfini qoruduğu ''Əl-Nəssr'' Kərim Benzemanın şərəfini qoruduğu lider ''Əl-İttihad''ı qəbul etdi.

''Əl-Nəssr'' çempionluq yolunda ''Əl-İttihad''a zərbə vura bilərdi. Çünki ikinci pillədəki ''Əl-Hilal'' turu qələbə ilə tamamlayaraq fərqi 3 xala endirmişdi. ''Əl-Nəssr'' ilk yarını ideala yaxın keçirərək Sadio Mane və Ayman Yəhyanın qolları ilə fasiləyə 2:0 üstün yollandı. Amma qonaqlar bu nəticə ilə barışmaq istəmədilər. İkinci hissənin əvvəllərində fransalı ulduzlar səhnəyə çıxdı. Əvvəlcə Benzema fərqi minimuma endirdisə, çox keçmədən Kante hesabı 2:2 etdi. Ronaldo əl-qol hərəkətləri ilə müdafiə xəttini ''yuxudan oyatmağa'' və ruhlandırmağa çalışdı. Amma bunun bir faydası olmadı. Əvvəlcə 2 topluq üstünlüyü əldən verən meydan sahibləri, son anlarda hətta heç-heçəni də qoruya bilmədilər.
Hussem Auarın əsas vaxta əlavə olunmuş 4-cü dəqiqədə vurduğu qol qonaqlara qələbə qazandırdı. ''Əl-İttihad'' sona 4 tur qalmış ən yaxın izləyicisi ilə 6 xallıq fərqi qorumağa müvəffəq oldu. ''Əl-Nəssr'' isə bu məğlubiyyətlə hətta 4-cü pilləyə gerilədi. Ər-Riyad təmsilçisi bu gedişlə gələn mövsüm üçün hətta Asiya Çempionlar Liqasından da kənar qalacaq.
Kriştiano ardıcıl ikinci önəmli qarşılaşmada meydanı qolsuz tərk etdi. O, Asiya ÇL-in yarımfinalında ''Kavasaki Frontale'' ilə görüşdə (2:3) də fərqlənə bilməmişdi. Onun aktivində son 4 rəsmi oyunda cəmi 1 qol var. "Ər-Riyad" klubunun fanatları son məğlubiyyətin ardından sosial şəbəkələrdə Ronaldoya etirazlarını bildirərək ona başqa kluba yollanmağı məsləhət gördülər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью