Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.
Sakit okeanın tropik hissəsində suyun temperaturunun yüksəlməsi ilə müşahidə olunan El-Ninyo iqlim hadisəsi 1950-ci ildən bəri qeydə alınan ən güclü həddə çata bilər. ABŞ Milli Okean və Atmosfer Administrasiyası (NOAA) bu ehtimalı təxminən 60 faiz qiymətləndirib.
BAKU.WS TRT Haber-ə istinadən xəbər verir ki, builki El-Ninyo artıq NOAA-nın təsnifatında ən yüksək olan "çox güclü" kateqoriyasına çatıb. Sosial mediada yayılan "Meqa El-Ninyo" ifadəsi isə rəsmi təsnifata daxil edilməyib.
Müzakirələr amerikalı meteoroloq Rayan Maunun Peru və Qalapaqos adaları sahillərində suyun temperaturunun normadan 10 dərəcə yüksək olduğunu göstərən xəritə paylaşmasından sonra başlayıb. NOAA-nın təhlilinə görə, Sakit okeanın şərqində temperatur normanı təxminən 4–6 dərəcə üstələyib. Mütəxəssislər hadisənin ümumi gücünü qiymətləndirmək üçün ayrı-ayrı ərazilərdəki gündəlik göstəricilər əvəzinə okeanın tropik hissəsində üç aylıq orta temperatur fərqini əsas götürürlər.
Kanadalı iqlimşünas Devid Fillipsin sözlərinə görə, El-Ninyo Kanadada qışın daha mülayim keçməsinə səbəb ola bilər. Bununla belə, soyuq hava dalğaları və qar fırtınaları da mümkündür. Qar örtüyünün az olması yazda quraqlıq riskini artıra və meşə yanğınları mövsümünün daha erkən başlamasına şərait yarada bilər.
İnsan fəaliyyəti nəticəsində baş verən iqlim dəyişikliyinin El-Ninyonu daha tez-tez və ya daha güclü edib-etmədiyi hələ dəqiqləşməyib. Alimlər bildirirlər ki, daha isti atmosfer daha çox rütubət saxlayır. Bu amil güclü El-Ninyo ilə üst-üstə düşdükdə yağıntılı bölgələrdə leysanlar daha intensiv ola bilər.