“Əlavə transferə ehtiyac görmürük” Ramiz Məmmədov

19.11.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan I Liqasının VII turu çərçivəsində səfərdə “Xankəndi” üzərində qələbə qazanan (2:0) “Karvan-Yevlax”ın baş məşqçisi Ramiz Məmmədov matçdan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, təcrübəli mütəxəssis ilk növbədə görüş haqqında təəssüratlarını bölüşdü:

– Uzun illərdən sonra Xankəndidə yenidən futbol həyəcanı yaşanır. Şükürlər olsun ki, şəhərimizin dirçəlişindən və yenidən qurulmasından sonra burada meydançaya çıxmaq bizə də qismət oldu. Buna görə dövlətimizə dərin minnətdarlığımızı bildiririk. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Bu gözəl şəraiti yaradan, əməyi keçən hər kəsə təşəkkürümü çatdırıram. Matçda qalib gəlsək də, hesab edirəm ki, bu görüş təkcə bizim üçün deyil, ümumilikdə Azərbaycan futbolu üçün böyük uğurdur. “Xankəndi” klubunun fəaliyyətə başlaması sevindirici haldır. Tapşırıqları layiqincə yerinə yetirən futbolçularıma minnətdaram, “Xankəndi”yə və digər bütün klublarımıza qarşıdakı oyunlarda uğurlar arzulayıram.

– Meydançanın süni örtüklü olması komandanın oyununa necə təsir göstərdi?

– Öz stadionumuz örtüyü də sünidir, lakin futbolçular meydanda müəyyən qədər boğulma hissi yaşayırdılar. Güman edirəm ki, Xankəndinin dəniz səviyyəsindən yüksəklikdə yerləşməsi və dağ havası öz təsirini göstərdi, oyunçular tam rahat nəfəs ala bilmirdilər. Düşünürəm ki, digər rəqiblər üçün də bu meydanda mübarizə aparmaq kifayət qədər çətin olacaq.

– Premyer Liqaya yüksəlmək hədəfi barədə fikirləriniz necədir?

– MOİK, “Səbail” və “Şahdağ Qusar” kimi rəqiblərlə müqayisədə komandanı nisbətən gec formalaşdırdıq. Buna baxmayaraq, heyətə cəlb etdiyimiz oyunçuların demək olar ki, hamısının çıxışından razıyıq. Yüksək liqaya vəsiqə qazanmaq üçün qarşıya qoyulan vəzifələri nizam-intizamla icra edirik. Klub rəhbərliyi hər zaman yanımızdadır, bizi dəstəkləyir və Premyer Liqaya yüksəlmək üçün lazım olan bütün addımları atmağa hazırdır. Zərurət yaranarsa, heyəti gücləndirmək imkanımız da mövcuddur, lakin hazırkı məqamda əlavə transferə ehtiyac görmürük.

Ayxan Zayıdzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью