Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər, xalqımızın cəsur və fədakar oğullarının göstərdiyi misilsiz şücaətlər hesabına əldə olundu. Hərbi əməliyyatlar zamanı şəxsi igidliyi, kəşfiyyat bacarığı və əlbəyaxa döyüşlərdə nümayiş etdirdiyi cəsarətlə dastan yazan qəhrəmanlarımızdan biri də Vətən Müharibəsi Qəhrəmanı, kiçik gizir Orxan Rövşən oğlu Cabbarovdur.
Orxan Tovuz rayonunda anadan olub. 2002-2008-ci illərdə Rusiya Federasiyasının Vladivostok şəhərində 34 saylı tam orta məktəbdə, 2008-2013-cü illərdə 179 saylı Binəqədi rayon tam orta məktəbində təhsil alıb. Sərbəst güləş və karate ilə məşğul olub. Orxan 2013-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Xidməti zamanı Xüsusi Təyinatlı Qüvvələrin 6 aylıq kursuna yazılıb, kursu bitirdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etməyə qərar verib.
2015-ci ildən Vətən müharibəsinə qədər Xüsusi Təyinatlı Qüvvələrin Cəlilabad və Xızı rayonlarında yerləşən “N” saylı hərbi hissələrində xidmət edib.Orxan 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlər zamanı Talış istiqamətində döyüşlərdə iştirak edib.
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Orxan Cabbarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Müharibə zamanı o, Ermənistan Silahlı Qüvvələrinin zabitini əlbəyaxa döyüş zamanı öldürüb. Orxan Cabbarov noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Bozalqanlı kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Orxan Cabbarova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Orxan Cabbarov ölümündən sonra "Vətən uğrunda", “Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Tovuz rayonu Qovlar şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyaya Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Orxan Rövşən oğlu Cabbarovun adı verilib.
Binəqədi rayonu Biləcəri qəsəbəsində şəhidimizin adına küçə verilmişdir.
M.MİRZƏ
XQ