Əlcək qidanı daha təhlükəli edə bilər Qida eksperti

27.11.2025

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Bəziləri düşünür ki, yemək bişirərkən əlcək istifadə etmək gigiyena baxımından vacibdir. Digərləri isə hesab edir ki, istifadə olunan əlcəyin materialı həm qidanın dadına təsir edir, həm də sağlamlıq üçün risk yaradır.  Buna görə də bəzi şəxslər yeməyin əlcəksiz bişirilməsini daha təhlükəsiz və sağlam hesab edirlər.

Bəs hansı seçim doğrudur?

Redaktor.az-a açıqlama verən qida ekpserti Fərid Səfərov bildiridi ki, bu mövzu həm qida mühəndisliyi, həm də gigiyena baxımından çox müzakirə olunan məsələlərdən biridir:

"Əlcək düzgün istifadə olunarsa, müəyyən hallarda qida təhlükəsizliyini artırır.  Açıq yara, kəsik və ya dəri problemi varsa, əlcək mütləqdir. Çiy ətlə işləyən zaman çarpaz çirklənməni azaltmaq üçün, qısa müddətli birbaşa təmas tələb edən işlərdə (məsələn, salat yığma) obyektiv olaraq zəruri olan sanitar tələblərdə (qida sənayesi, restoran standartları) istifadə olunmalıdır".

Müsahibimiz vurğuladı ki, çox insan əlcəyi düzgün istifadə etmir, bu zaman əlcək qidanı daha təhlükəli edə bilər:

"Eyni əlcəklə uzun müddət işləmək, çiy məhsula toxunub sonra eyni əlcəklə bişmiş və ya hazır məhsula toxunmaq, əlcəklə çirkli səthə toxunub qidaya keçirmək, əlcək taxdığını görüb özünü daha rahat hiss etmək və daha az yumaq (əlcəksiz aşpaz əllərini daha tez-tez yuyur) və s. Yanlış istifadə olunan əlcək, yuyulmamış əldən daha təhlükəlidir".

F.Səfərov əlcəksiz yemək hazırlamaq mövzusuna da toxundu:

"Əlcəksiz bişirmək sağlamdırmı? Düzgün əl yuma qaydaları təmin olunurs, bəli, sağlamdır. Aşpaz tez-tez əllərini yuyur. Əlcək kimi mikrobları yığan sintetik səth yoxdur. Yemək bişirən şəxs sadə gigiyena qaydalarına daha diqqət edir.

Bəzi əlcək materialları (xüsusilə ucuz lateks və PVC) istidə və ya yağla təmasda qoxu buraxa bilər, qidaya kimyəvi maddə keçməsi riski yarada bilər. Buna görə profesional mətbəxlərdə nitril əlcəklər daha təhlükəsiz sayılır. Nəticə etibarilə, əlcək düzgün istifadə olunarsa faydalıdır. Amma düzgün əl yuma hər zaman daha etibarlıdır".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью