Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Kulis.az Oğuz Ayvazın “Mənim keçmiş sevgililərim” adlı silsiləsindən qələmə aldığı növbəti yazını təqdim edir.
Bir ildən sonra İntizarı unutmuşdum. Yeniyetmə hisslərim, duyğularım o qədər coşqun, alovlu, çılğın idi ki, bir yerə bənd ola bilmirdim.
Bu dəfə can dostumun bacısına aşiq olmuşdum. O da qapı qonşum İlahə idi. Nə hikmət idisə sevdiyim qızların baş hərfi “İ” ilə başlayırdı.
Deyəsən, elə balacalıqdan ona vurulmuşdum. Onu xəyal etmək, saçlarının qoxusunu burnumda hiss etmək gündəlik peşəmə çevrilmişdi.
İlk ehtirasım, ilk sevgim o qızda toplanmışdı. İçimdə zəlzələ törədəcək sevginin uğultusu qulaqlarımı batırırdı.
Məhəlləmizdə işıq sönəndə qonşu qız pilləkən meydançasına çıxardı. Mən də girəvəyə salıb onu öpərdim.
Onu işıqlı yerdə öpməyə ürək eləmirdim. O, anası, qardaşları ilə yaşayırdı. Bir qardaşı ilə qardaşdan da yaxın dost idik.