Elçin Usubun əvəzedicilər məntiqi

25.09.2026

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bugünlərdə "Şamaxı" klubuna rəhbərlik edən Elçin Usub Əvəzedicilər Liqası ilə bağlı geniş açıqlama verib. Bir qədər gözlədik, dedik AFFA, PFL münasibət bildirər. Edilmədi. Ya Elçin Usub futbol funksioneri kimi ciddiyə alınmadı, ya da başları daha vacib işlərə qarışıb. 

Qayıdaq hüquqşunasın dediklərinə. Düşüncələrini əsaslandırmağa çalışan Elçin bəy, özünəməxsus məntiqini isbat etməyə çalışmaqla, o dərəcədə də məntiqsizliyə yol verib, özü-özünü təkzib edib. Klub funksioneri israr edir ki, bu liqa yarasızdı. Fikrini də "Neftçi"nin futbolçusu Rüfət Abbasovun üzərində qurub. Yəni, Əvəzedicilər Liqası yararlı olsaydı, Rüfət birbaşa əsas heyətə düşərdi. "Şamaxı" gətirdi, oynatdı, futbolçu özünü yaxşı tərəfdən göstərdi və yenidən geri qaytarıldı. 

Birincisi, "Neftçi" ilə "Şamaxı"nın iddiaları eyni deyil. İkincisi, flaqman vaxtında yetişdirdiyi oyunçusunun istedadını görməyibsə, günah özündədi. Ən əsası da, Elçin bəydən soruşmaq gərəkdi, Əvəzedicilər Liqası lazımsızdısa, Rüfət kimi futbolçular harada oynayar, özlərinə şans qazanıb "Şamaxı" kimi komandalara üz tutardılar? Elə əvəzedicilərdə özlərini göstərərək diqqət mərkəzinə düşürlər. 

Yox, Elçin Usublunun "Samaxı" klubu bundan sonra da futbolçu yetişdirmək, uşaq futboluna lazımı diqqət yetirmək fikrindən uzaqdısa, gümanı iddialı "Neftçi"nin," Sabah"ın, "Qarabağ"ın futbolçularına möhtac qalmaqdısa, bu, başqa məsələ. Axı bilirik, məlumatlıyıq, AFFA-nın klublara ayırdığı ümumi məbləğdən uşaq-gənclər futboluna aid olan 500 min manatın ciddi nəzarətə götürülməsi 5-6 klubu yaman narahat edib. Özü də o "üsyançı" klublar arasında aparıcı komandalar yoxdu, "Şamaxı" kimi məqsədi-məramı bilinməyənlər, yerini-yurdunu itirənlər, menecer-prezidentlər, klubdan qazananlardı. Heç bir iddiası olmayan belə komandalar, ayrılan pulların legionerlərə necə xərcləndiyinin açıqlamasını versəydilər, daha məntiqli olardılar. Nədənsə aşağı sıralarda vargəl edən klublar hər altıaydan, bir mövsümdən bir legionerləri dəyişməklə daha çox ad  qazanıblar. Axı vaxt var idi "Şamaxı" legionersiz oynayacağını bəyan edirdi. Çıxıb deməsinlər ki, limit aradan götürülüb artıq. "Şamaxı"nın strateji xətti limitli zamanlardan dəyişib. İnsaf naminə, Ayxan Abbasov dönəmində" Şamaxı" yerli və legioner futbolçu seçimində nümunəvi ortabablardan biri olub. Buna rəğmən, uşaq futboluna candərdi yanaşan tək şairlər yurdunu təmsil edən komanda deyil, bir çox MPL təmsilçisi bu yoldadı.

Gələk Elçin Usuba. Sponsor, kluba maliyyə gətirən, pul xərcləyən, el dili ilə deyilsə, heç futbol adamı olmayan, klubdan yararlanan klub klub rəhbərinin belə açıqlamalarla gündəmə gəlməsi yaxşı hal deyil. Bacarıq varsa, kluba əlavə sərmayə gatırilsin, sponsorlar cəlb edilsin. Yoxdusa, heç olmasa təmənnasız ayrılan pulların Şamaxı uşaqlarına, gələcəyinə xərcləməyi öyrənsin. Daha durub AFFA-ya qarşı çıxmağa dəyməz. Əvəzedicilər Liqası futbolumuzda ən lazımlı və özünü doğrultmuş azsaylı layihələrdən biridir. O başqa məsələ ki, bu yarış ildən-ilə təkmilləşməlidi...

Elçin Usub və həmkarları, AFFA-nın hər il ayırdığı pullar bir yana, ən azından son iki mövsüm "Qarabağ" və "Sabah"ın hesabına UEFA-dan aldıqları və alacaqları vəsaitin hesabatını versəydilər, futbolumuza daha faydalı olardılar...

Fanat.Az

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью