Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
“Təsəvvürnamə”, “Təsəvvür səhnəsi”, “İzmologiya”, “Təsəvvürizm” – vahid estetik sistem
Elçinin bədii sistemində “Təsəvvürnamə” poetik başlanğıcı, “Təsəvvür teatrı” səhnə-estetik təcəssümü, “İzmologiya” təcəssümün metodoloji inkişaf mexanizmi, “Təsəvvürizm” isə həmin yaradıcı prosesin konseptual-fəlsəfi zirvəsi kimi vahid nəzəri sistem təşkil edir.
Azərbaycan ədəbiyyatının çoxəsrlik inkişaf yolu hər mərhələdə bədii təfəkkürün yenilənməsi, estetik meyarların genişlənməsi və insanın daxili aləmini dərk etməyin özünəməxsus bədii üsullarının formalaşması ilə səciyyələnir. Klassik irsin fəlsəfi dərinliyi, XIX əsr maarifçiliyinin rasional dünyagörüşü, XX əsrin əvvəllərində milli romantizmin və tənqidi realizmin qazandırdığı estetik təcrübə, sonrakı mərhələlərdə psixoloji nəsrin və müasir dramaturgiyanın inkişaf istiqamətləri milli ədəbiyyatın bədii təfəkkür tarixini ardıcıl şəkildə zənginləşdirmişdir. Hər yeni mərhələ özündən əvvəlki estetik təcrübəni davam etdirməklə yanaşı, yeni yaradıcı koordinatlar müəyyənləşdirmiş, düşüncənin sərhədlərini daha geniş üfüqlərə yönəltmişdir.
Belə mürəkkəb inkişaf prosesində görkəmli Xalq yazıçısı Elçinin yaradıcılığı Azərbaycan ədəbiyyatında yeni bədii mərhələnin təşəkkülünü təmin edən mühüm yaradıcı hadisələrdən biri kimi xüsusi əhəmiyyət qazanır. Onun əsərləri mövzu yeniliyi və süjet orijinallığı ilə yanaşı, bədii təfəkkürün daxili təşkilatlanma prinsiplərini də yeni istiqamətə yönəldir. Elçin oxucunu hadisələrin ardıcıl müşahidəçisindən düşüncənin fəal iştirakçısına çevirir, bədii mətni isə mənaların fasiləsiz genişləndiyi açıq semantik sistem kimi qurur.
Bu poetik sistem Elçinin irihəcmli nəsrində ardıcıl şəkildə müşahidə olunur. “Mahmud və Məryəm” tarixi gerçəklik, mifoloji yaddaş və məhəbbət fəlsəfəsini bir-birini tamamlayan poetik qatlarda birləşdirərək zamanla insan taleyi arasında çoxmənalı semantik əlaqələr formalaşdırır. “Ağ dəvə” romanında gerçəkliklə simvolik təfəkkür vahid estetik müstəvidə qovuşaraq oxucunun şüurunda geniş assosiativ məkan yaradır. “Ölüm hökmü” insanın mənəvi məsuliyyətini, vicdanını və seçim azadlığını fəlsəfi düşüncə müstəvisinə yüksəldir. “Baş” tarixi hadisələrin görünən qatından daha çox onların insan yaddaşında yaratdığı mənəvi rezonansı araşdırır. Elçinin povestləri arasında özünəməxsus yer tutan “Dolça” insanın daxili aləmi ilə zamanın mənəvi axarını çoxqatlı psixoloji-fəlsəfi müstəvidə təqdim edir. Hekayə yaradıcılığının zirvə nümunələrindən sayılan “Sarı gəlin” milli yaddaşın, tarixi taleyin və mədəni identikliyin müxtəlif semantik qatlarını vahid bədii məkan daxilində qarşılaşdırır. Ədibin digər povestləri, kinossenariləri, hekayələri, ədəbi-publisistik və nəzəri-tənqidi məqalələri də oxucunun təxəyyülünü yeni istiqamətlərə yönəldən semantik mexanizmlər kimi fəaliyyət göstərir. Məhz bu qanunauyğunluq Elçinin bədii sistemini “Təsəvvürnamə” anlayışı ilə ümumiləşdirməyə imkan verir.
“Təsəvvürnamə” müəllifin bütün yaradıcılığını hərəkətə gətirən poetik sistemin adıdır. Ayrı-ayrı əsərlərin ideya yükü həmin sistemin yalnız konkret təzahürlərindən biridir. Burada təsəvvür bədii qavrayışın təbii nəticəsi səviyyəsindən yüksələrək mətnin daxili enerjisinin hərəkətverici prinsipi funksiyasını qazanır. Burada interpretasiya potensialının əsasını yaradıcılıq prosesinin özündə formalaşan poetik enerji təşkil edir və həmin enerji sonrakı bütün bədii təcəssümlərin daxili dinamikasını müəyyənləşdirən yaradıcı prinsipə çevrilir. Məhz çoxvariantlılıq, açıq semantik quruluş, dəyişkən interpretasiya imkanları və mənaların qarşılıqlı keçidləri Elçinin poetik sistemində qeyri-səlis paradiqmanın əsas estetik əlamətlərini meydana çıxarır. Beləliklə, “Təsəvvürnamə” Elçinin bütöv yaradıcılığını hərəkətə gətirən poetik başlanğıc kimi formalaşır və bu yaradıcı potensial sonrakı mərhələdə “Təsəvvür teatrı”nın estetik müstəvisində gerçəkləşir.
“Təsəvvür teatrı” müəllif poetikasının, rejissor yozumunun, aktyor interpretasiyasının və tamaşaçı təfəkkürünün qarşılıqlı yaradıcı sintezi nəticəsində fasiləsiz yenilənən estetik məkan formalaşdırır. Hər tamaşa yeni yozum, hər səhnə həlli başqa semantik istiqamət açır, hər tamaşaçı isə öz fərdi düşüncə trayektoriyasını quraraq ümumi mənayaratma prosesində fəal iştirak edir. Elçinin dramaturgiyasında hər yeni səhnə yozumu, hər fərqli rejissor interpretasiyası və hər yeni tamaşaçı qavrayışı müəllif mətninin semantik potensialını yenidən hərəkətə gətirir. Bu baxımdan “Təsəvvür teatrı” sabit estetik model kimi deyil, hər yeni kontekstdə yeni mənalar yaradan açıq yaradıcı sistem kimi formalaşır. Məhz bu estetik transformasiya sonrakı mərhələdə Elçinin “Stalin” dramaturji modeli əsasında hazırlanan “Stalin – İzm” tamaşasında yeni keyfiyyət qazanır. Burada “Təsəvvür teatrı” öz inkişafının növbəti mərhələsinə yüksələrək səhnə hadisəsini tamaşanın fiziki sərhədlərindən çıxarır və onu tamaşaçı şüurunda müstəqil idrak məkanına çevirir. Beləliklə, bu inkişaf xətti “Təsəvvürizm” anlayışının nəzəri və praktik əsaslarının formalaşmasına zəmin yaradır.
“Təsəvvürnamə”nin poetik potensialı ilə “Təsəvvür teatrı”nın estetik imkanlarının qarşılıqlı təsiri nəticəsində dramaturji düşüncə yeni konseptual mərhələyə yüksəlir. Bu inkişaf prosesində “Stalin – İzm” tamaşasında formalaşan izmoloji düşüncə yeni nəzəri-estetik keyfiyyət qazanaraq “Təsəvvürizm” konsepsiyasının bədii və fəlsəfi əsaslarını bütöv sistem halında üzə çıxarır.
Müəllifin klassik dramaturji quruluşda qələmə aldığı ikihissəli, 8 şəkildən ibarət “Stalin” fəlsəfi farsını qeyri-səlis paradiqma əsasında birhissəli, birşəkilli paradoksal siyasi-fəlsəfi fars-faciə janrında səhnələşdirərkən əsas məqsəd Elçinin dramaturji təfəkküründə mövcud olan çoxqatlı semantik istiqamətləri “Stalin – İzm” konsepsiyası vasitəsilə səhnə məkanında yeni estetik keyfiyyətə yüksəltmək idi. Bu estetik transformasiyanın metodoloji əsasını Elçinin bütöv yaradıcılığının aparıcı poetik xəttini təşkil edən “Təsəvvürnamə”nin bədii fundamentallığı, “Təsəvvür teatrı”nda oxucu, tamaşaçı və rejissor təfəkküründə meydana gələn çoxvariantlı təcəssümlər palitrası, eləcə də “Təsəvvürizm” konsepsiyasına doğru genişlənən izmoloji düşüncənin semantik potensialıdır. Beləliklə, “Təsəvvürizm” Elçinin dramaturji təfəkküründə ayrı-ayrı əsərlərin və ya səhnə yozumlarının mexaniki cəmi kimi deyil, müəllif poetikasının daxili inkişaf məntiqindən doğan konseptual-estetik sistem kimi meydana çıxır. Bu sistemdə “Təsəvvürnamə” poetik başlanğıcı, “Təsəvvür teatrı” onun səhnə-estetik təcəssümü, “Stalin – İzm” isə həmin yaradıcı potensialın izmoloji təfəkkür səviyyəsində tamamlanan yeni keyfiyyət mərhələsini təşkil edir. Nəticədə dramaturji mətn, səhnə interpretasiyası və tamaşaçı idrakı vahid yaradıcı prosesdə birləşərək çoxvariantlı mənalar yaradan açıq estetik sistem formalaşdırır. Məhz bu bütövlük “Təsəvvürizm”in əsas nəzəri əlamətini müəyyənləşdirir və onu müasir Azərbaycan dramaturgiyasının yeni konseptual istiqaməti kimi səciyyələndirməyə əsas verir.
“İzmologiya”nın metodoloji imkanlarının səhnə təcrübəsində sınaqdan keçirildiyi, praktik müstəvidə yeni nəzəri sistem kimi təşəkkül prosesinin müşahidə olunduğu bu qeyri-səlis paradiqmalar arealı artıq özünü təsdiqləmiş estetik nümunə statusu qazanır. Elmi paradiqmanın dəyişməsi gerçəkliyin fərqli şəkildə qavranılmasına gətirib çıxarır.
Tamaşanın, bütövlükdə, təhlili və konsepsiyanın bütün qatlarının şərhi geniş nəzəri müstəvidə ayrıca araşdırma mövzusu təşkil edir. Lakin “Təsəvvürizm”ə yüksəlişin ən mühüm mərhələsini ifadə edən “Poklon” ritualı qeyri-səlis sistemin səhnə sənətinə adaptasiyasının ən parlaq təzahürü kimi xüsusi diqqət tələb edir.
Tamaşa boyu – ilk məqamdan salonu və səhnəni bürüyən qaranlığın içindən rejissorun duyğusal səs ahəngi ilə əks-səda verən “görkəmli Xalq yazıçısı Elçini dərin ehtiramla anırıq” sakral-akustik proloq nidasından başlayaraq səhnənin arxa planında böyük formatda canlanan Elçinin portreti önündə yaradıcı heyətin ehtiram təziminə, işıqların yenidən sönərək məkanı qaranlığa qərq etdiyi və cəmiyyəti ağır tarixi faciənin astanasına gətirdiyi təsirli anlardan sonra tamaşa çoxqatlı dramaturji inkişaf xətti üzrə hərəkətə başlayır. Sonrakı hadisələrin daraqvari keçidlərlə bir-birinə bağlanan izmoloji dinamikası, çoxfunksiyalı, çoxmənalı, çoxahəngli və çoxrəngli epizodların qarşılıqlı semantik əlaqəsi tamaşa boyu Stalinin siyasi mahiyyətini, psixoloji portretini və totalitar idarəçilik sisteminin daxili mexanizmlərini mərhələ-mərhələ açaraq tamaşaçını son nəfəsədək gərgin emosional və intellektual vəziyyətdə saxlayır.
Ən təsirli dramaturji məqamlardan biri Stalinin ölüm səhnəsinin psixoloji və mifopoetik həllidir. Tamaşa boyunca sanki ölümün belə ona yaxınlaşmağa cəsarət etmədiyinə inanmış Stalin son nəfəsində bütün varlığı ilə, həyatının ən həlledici anlarında yaddaşında qoruyucu və mərhəmətli səsi ilə yaşayan anasına sığınmaq ehtiyacı duyur. Karl Yunqun analitik psixologiyasında səciyyələndirilən “Ana arxetipi” insan şüurunun təhlükə və son hədd vəziyyətlərində qorunma, mərhəmət və ilkin başlanğıca qayıdış ehtiyacını ifadə edən universal psixi obraz kimi dəyərləndirilir. Tamaşada bu arxetipin dramaturji təcəssümü məhz ölüm anında üzə çıxır. Əzrayıl Stalinin qarşısında onun anasının simasında təcəssüm etmir; əksinə, Stalin ölümü yalnız anasının görünüşündə qəbul edə bilir və yalnız bu simada ölümün belə şəfa missiyası daşıya biləcəyinə inanır. Beləliklə, ölüm xarici bir qüvvə kimi deyil, Stalinin şüurunun ən dərin qatlarından yüksələn son psixoloji və mifopoetik görüntü kimi meydana çıxır.
Beləcə, klassik dramaturji məntiq baxımından hadisələrin tamamlandığı və tamaşanın yekunlaşdığı təsəvvürü yaranır. Lakin məhz bu nöqtədə qeyri-səlis dramaturji sistem öz estetik imkanlarını tam gücü ilə nümayiş etdirir. Çünki burada ölüm yalnız bioloji sonluq kimi təqdim edilmir; o, Stalinin bütün ömrü boyu özündən gizlətməyə çalışdığı yaddaşın səhnə hadisəsinə çevrilmiş estetik təcəssümüdür. Əzrayıl isə həmin yaddaşın səhnədə vizuallaşan metafizik obrazına çevrilir. Məhz bu baxımdan ölüm səhnəsi klassik realist sonluq təsiri bağışlamır, əksinə, insan şüurunun, kollektiv yaddaşın və metafizik zamanın eyni dramaturji məkanda qovuşduğu qeyri-səlis estetik model kimi tamaşanın fəlsəfi kulminasiyasını təşkil edir.
Tamaşa boyu Stalinin hakimiyyət mexanizminin aparıcı qüvvəsini təcəssüm etdirən, dirijor kimi bütöv imperiyanın ritmini idarə edən, eyni zamanda Stalinin daxili qəhqəhəsinin səhnə təcəssümünə çevrilən Polikarpov qəfil dəhşətli bir qəhqəhə ilə sanki Stalinin ölümünü təkzib edir. Elə həmin anda bütün tamaşa boyu ölkənin yaddaşında yaşayan güllə səsi yenidən eşidilir. Güllənin gurultusu ilə Polikarpov susaraq yerə yıxılır, Stalin isə gözlənilmədən ayağa qalxır. Bu paradoksal təcəssümlə Stalin öldürülməyə çalışılsa da “o ölməzdir” eyhamı mənalanır. Hakimiyyətin fiziki sonu ilə ideoloji davamlılığı arasında yaranan bu paradoks tamaşanın semantik istiqamətini tamamilə yeni müstəviyə keçirir.
Məhz burada “Poklon” öz ənənəvi teatr funksiyasını arxada qoyur. Tamaşanın bitdiyini elan edən estetik prosedur statusundan ayrılaraq yeni dramaturji hadisə kimi meydana çıxır. Bununla “Poklon” tamaşanın son epizodu olmaqdan uzaqlaşır və məhz bu andan etibarən “Təsəvvürizm”in estetik məkanına keçidi təmin edən sərhəd hadisəsinə çevrilir. Bu sərhəd məkanında “Stalin – İzm” artıq səhnədə nümayiş etdirilən tamaşa yox, tamaşaçı təsəvvüründə davam edən açıq estetik proses kimi yaşayır.
Beləliklə, estetik proses fiziki təqdimatın hüdudlarını aşaraq yeni mənaların mədəni yaddaş müstəvisində yaşamağa davam etdiyi açıq interpretasiya məkanı formalaşdırır. Məhz bu davamlı semantik transformasiya “Təsəvvürizm”in əsas fəlsəfi-estetik xüsusiyyətlərindən birini üzə çıxarır. “İzmologiya”nın metodoloji prinsipləri də məhz bu nöqtədə öz praktik təsdiqini tapır. Qeyri-səlis məntiqin açıq sistem imkanları vasitəsilə səhnə hadisəsi potensial olaraq sonsuz interpretasiya imkanları açır və tamaşaçı təfəkküründə “Təsəvvürizm”in fəlsəfi-estetik rişələrini formalaşdırır.
Heç şübhəsiz, Elçin bədii təfəkkürünün “gələn-gedən, gedən-dönən” fəlsəfi qatlarını özündə birləşdirən bu qeyri-adi konseptual sistem onun dramaturgiyasının zaman və məkan sərhədlərini aşan estetik gücünü nümayiş etdirir. Məhz buna görə Elçinin əsərləri hər səhnə yozumunda fərqli mənalar doğurur, hər tamaşada yenidən yaşayır və dünya teatr məkanında öz yaradıcı potensialını davamlı şəkildə təsdiqləyir.
Ruhun şad olsun, böyük sənətkar!
İftixar PİRİYEV,
Əməkdar mədəniyyət işçisi