Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Dil tədrisinin keyfiyyətinin yüksəldilməsi üçün ali və orta təhsil müəssisələrində çalışan müəllimlər arasında peşəkar əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsi vacibdir. Eyni zamanda, beynəlxalq təcrübənin öyrənilməsi və müasir texnologiyaların tədris prosesinə inteqrasiyası bu sahənin inkişafına yeni imkanlar yaradır.
525.az xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Azərbaycan dilinin tədrisi və ictimai həyatda düzgün tətbiqi dövlət səviyyəsində diqqət yetirilən aktual məsələlərdəndir. Bununla yanaşı, qloballaşma və beynəlxalq əməkdaşlığın genişlənməsi xarici dillərin öyrənilməsini də zəruri edir.
Dosent diqqətə çatdırıb ki, şagirdlərin uzun illər xarici dil öyrənmələrinə baxmayaraq, həmin dildə sərbəst ünsiyyət qurmaqda və fikirlərini ifadə etməkdə çətinlik çəkmələri tədris metodlarına yenidən nəzər salınmasını tələb edir. Bəzi hallarda qrammatik qaydaların mənimsənilməsinə danışıq və kommunikasiya bacarıqlarından daha çox üstünlük verilir. Dil tədrisində əsas hədəflərdən biri nəzəri biliklərin praktik ünsiyyət bacarıqları ilə uzlaşdırılmasıdır. Süni intellekt və rəqəmsal texnologiyaların imkanlarından istifadə də bu prosesin səmərəliliyini artırmaq baxımından mühüm əhəmiyyət daşıyır.