Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“İspaniya məhkəməsi keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun 3 övladının Malyorka adasında böyük miqdarda vəsaiti leqallaşdırması ilə bağlı faktları araşdırır”.“AzPolitika” xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, İspaniya Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu Mahmudovları korrupsiya yolu ilə əldə edilmiş pullar hesabına Palma adasında 50 milyon avro dəyərində mülk və torpaq sahələri almaqda ittiham edir.
İttiham aktına görə, mülklərin alışı Kalviada qeydiyyatdan keçmiş iki ispan şirkəti vasitəsilə həyata keçirilib və ümumilikdə 60-dan çox (Valldemossada 23, Kalviada 22 və Palmada 15) mülk əldə olunub.
Jurnalist qeyd edir ki, təkcə Peguera kurort şəhərində 1 əmlaka 9 milyon avro ödənilib.Qeyd olunur ki, Mahmudovların mülklərinin bir neçəsi Anar Mahmudovun adına Seyşel adalarında qeydiyyatdan keçmiş “Sinalco İnvestments Limited” şirkətinə məxsus Latviya hesabından bank köçürmələri yolu ilə ödənilib.
Bu hesab üzərindən Anar Mahmudov Palma şəhərinin Alexandre Rossello küçəsi 27A ünvanında 4,5 milyon avroya iki mülk alıb.
206 kv.metr sahəsi olan mənzillər Eldar Mahmudovun qızı Xuraman Mahmudovanın adına alınıb.
101 kvadratmetr sahəsi olan daha bir mənzil Balearın elitar yaşayış kompleksi sayılan “Plaza del Comtat del Rossello”-da 444,960 avroya alınıb.