Eldar Yusubov: “Voleybolçularımız özlərinə inanmırlar” ə AÇIQLAMA

06.11.2026

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının debütantı “Azərmaş Abşeron”un baş məşqçisi Eldar Yusubov komandasının çempionatda “Naxçıvan”a qarşı keçirdiyi ilk oyunu (0:3) şərh edib.

Mütəxəssis İdman.Biz-ə açıqlamasında məğlubiyyəti yerli oyunçuların təcrübəsizliyi ilə əlaqələndirib.

“Heyətimizdə gənc voleybolçular var. Oyun təcrübələri olmadığından qarşılaşma zamanı özlərini itirirlər. Özlərinə inamları yoxdur. Üstəlik, yerli oyunçularımız boy baxımından rəqiblərindən geri qalırlar. Buna görə də komandamızın blokda çoxlu zəif cəhətləri var idi. Bundan başqa, legionerlərimizdən biri zədələndiyi üçün onu meydana buraxmadıq. Nəticədə həm blokda, həm də hücumda çoxlu çatışmazlıqlar oldu”, - deyə Yusubov bildirib.

Baş məşqçi komandada daha təcrübəli yerli oyunçuların olmamasını legionerlərlə bərabər səviyyədə rəqabət apara biləcək azərbaycanlı voleybolçuların çatışmazlığı ilə izah edib.

Eldar Yusubovun sözlərinə görə, hazırda əsas vəzifə gənc oyunçuların öz qüvvələrinə inanmasına kömək etməkdir:

“Hazırda yerli oyunçu çatışmazlığı müşahidə olunur. Bizim heyətimizdə milli komandanın voleybolçuları yoxdur, rəqibdə isə var. Hər komandada meydanda iki yerli voleybolçu oynamalıdır. Legionerlərin oyunu da məhz bu oyunçuların ətrafında qurulur. Bizdə isə belə voleybolçular olmadığından oyunu zəif həlqənin ətrafında qurmaq mümkün olmadı. İndi qızlara bir qədər motivasiya vermək lazımdır ki, öz qüvvələrinə inansınlar. Onlar xal qazananda elə sevinirlər ki... Halbuki bu, adi haldır. Onlar üçün isə böyük sevincdir. Buna görə də psixoloji məqamlara daha çox diqqət yetirməyə çalışıram. Çünki qızlar hələ mənəvi baxımdan hazır deyillər”.

Leyla Eminova

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью