“Elə bildim, Hamlet İsaxanlı “Kəndlinin arzuları” adlı poema yazıb...”

21.11.2026

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

“Hamlet müəllim, zəncilər, qaradərililər arzularına o dərəcədə çatıblar ki, artıq bizə arzularımıza çatmaqda kömək edirlər...”

“3 CÜMLƏ İLƏ BİR “MIZ”...-

O gün televizordan xeyli aralıda olduğum vaxt təsadüfən “Bakı Slavyan(!) Universitetində Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlının "Səməd Vurğunun 1948-ci ildə yazdığı “Zəncinin arzuları” poemasının izi ilə" mövzusunda mühazirəsi keçirilib” xəbərini eşidəndə, əvvəlcə qulaqlarıma inanmadım və düşündüm ki, görəsən, hörmətli Hamlet müəllim "Kəndlinin arzuları" adlı poema yazıb, yoxsa mən nəyisə səhv eşitmişəm?!..

Doğrudan da, Səməd Vurğunun o vaxt Sovet -Stalin ideologiyasının təsiri altında yazdığı bəhs edilən poemasının qəhrəmanının mənsub olduğu ABŞ-da, eləcə də bir sıra digər sivil ölkələrdə vaxtilə hüquqları tapdanan qaradərili insanların arzularının xeyli hissəsi artıq gerçəkləşib: onlar azadlıq, hüquq bərabərliyi, təhsil, iqtisadi müstəqillik əldə edib, cəmiyyətdə layiqli mövqe tutmağa nail olublar, Konqresə, Senata seçilib,  dövlət katibi, vitse-prezident hətta Barak Obamanın timsalında ABŞ prezidenti də, Kofi Annanın timsalında BMT baş katibi olublar və bu mövzu aktuallığını xeyli dərəcədə itirdiyindən, bəlkə də, bu gün Azərbaycan ziyalısı, şairi, yazıçısı, alimi, deputatı və sair öz soydaşlarının - azərbaycanlıların, xüsusən də kəndlilərimizin arzularından yazmalı, danışmalı, ölkədə həddini aşan urbanizasiyanın, yəni rayonlardan, kəndlərdən Bakıya, Sumqayıta kütləvi axının qarşısını almağın yollarını axtarmalıdır, yoxsa kəndlər boşaldıqca paytaxtın böyüməsini inkişafın göstəricisi sayıb, bir gün bütün Azərbaycanı Bakının məhəllələrində axtarmalı olacağıq?!.

Binəva kəndlimizin isə arzuları elə də “ağır”, yəni çox pul tutan deyil: kənddə normal təsərrüfat becərmək üçün işıq, su, yanacaq problemi olmasın, dövlət ona faizsiz olmasa da, aşağı faizli kredit verməklə dayaq dursun, yetişdirdiyi kartof-soğanı, xiyar-pomidoru, meyvəni və digər məhsulları maneəsiz, monopoliyasız, kimsəyə qanunsuz “haqq” vermədən bazara çıxarıb normal qiymətə sata bilsin, bir sözlə, torpağı ona gəlir, əməyi rifah gətirsin, kəndi ona rahatlıq versin və bütün bunların nəticəsində övladları kənddə yaşamağı gerilik deyil, seçim və üstünlük hesab etsin, kəndi, ata-anasını qoyub Bakıya, Bakıdan Rusiyaya, Türkiyəyə, Avropaya və sair ölkələrə üz tutmasın — bax, bu gün yazılmalı poema mövzusu məhz budur!..

P.S. Az qala, yadımdan çıxmışdı, Hamlet müəllim, zəncilər, qaradərililər artıq arzularına o dərəcədə çatıblar ki, hələ 1990-cı illərin əvvəllərindən BMT-nin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin və digər beynəlxalq təşkilatların tərkibində Azərbaycana gəlib, Qarabağdan qaçqın düşmüş kəndlilərimizə yardım göstərir, onların maarifləndirilməsi kampaniyalarına rəhbərlik edir, öz yurdunda, öz torpağında yaşasa da, dolanışıq ucbatından “uje” Bakıya, Sumqayıta üz tutmağa hazırlaşan digər kəndlilərimiz üçün isə müasir təsərrüfat quruculuğu layihələri hazırlayırdılar; üstəlik, görün, bu gün nəinki Amerikanın özünün, heç Afrikadakı qaradərili xalqların qurduqları neçə-neçə dövlətlə də əməkdaşlıq edir, onlardan nələrisə öyrənir, təcrübələrindən bəhrələnirik... Başqa sözlə, zəncilər öz arzularına çatıblar və artıq bizə arzularımıza çatmaqda kömək edirlər...

Sultan Laçın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью