Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Türkiyənin bəzi media qurumlarına xatırlatma
Əlbəttə, Türkiyənin bir sıra media resurslarında və sosial şəbəkə platformalarında ölkəmizlə bağlı başladılmış kampaniya, o cümlədən qərəzli, təhrif olunmuş materialların yayılması, manipulyativ tona üstünlük verilməsi təəssüf doğurmaqdadır. Bu narahatlıq Azərbaycan Mətbuat Şurasının iki gün əvvəlki bəyanatında da ifadəsini tapdı.
Sənəddə bildirildiyi kimi, Türkiyənin informasiya işinə məsul kəsiminin ayrı-ayrı nümayəndələri Azərbaycanda yaşanan hadisələri kontekstdən çıxararaq təqdim edir, ölkəmizin daxili məsələləri ilə bağlı müzakirələri məqsədli şəkildə siyasiləşdirir və təsdiqlənməmiş iddiaları fakt kimi yayır. Bütün bunlar isə peşəkar jurnalistikanın fundamental prinsiplərinə tamamilə ziddir.
Halbuki jurnalistikanın ali vəzifəsi cəmiyyətləri bir-birinə qarşı qoymaq deyil, həqiqəti üzə çıxarmaq, ictimaiyyətə dəqiq məlumat çatdırmaq və qarşılıqlı anlaşmaya töhfə verməkdir. Amma Türkiyənin bəzi media orqanlarında Azərbaycana qarşı sivil jurnalistika adına yolverilməz sayılan metodlar dövriyyəyə buraxılır.
Təəssüf doğuran təmayüllər baxımından ölkəmizin ümumtəhsil müəssisələrində vahid məktəbli geyiminin tətbiqi barədə qərarın kontekstdən çıxarılaraq təqdimatı da vurğulanmalıdır. Sanki Azərbaycanda dövlət səviyyəsində elmə, xüsusən qızların təhsilinə qarşı cəbhə açılıb və sanki Türkiyənin media cameəsi müsəlman aləmindəki bu cür gerçək halların hamısına münasibətdə dözümsüz yanaşıb.
Türkiyədə anti-Azərbaycan mövqe tutanların hansısa müsəlman ölkəsində təhsil sahəsindəki neqativ tendensiyalara münasibətdə barışmaz mövqe tutmadıqlarını vurğulamaq məqsədindən uzağıq. Necə deyərlər, görünən kəndə nə bələdçi? Eləcə də onların dünyanın müxtəlif bölgələrində İslam dəyərlərinin sıxışdırılmasına qarşı fikir bildirmədiklərini, susqunluqlarını qoruduqlarını diqqətə çatdırmaq niyyətində deyilik. Bu yerdə “uman yerdən küsərlər” deyiminə də yer olmadığını bilirik.
Amma, həqiqətən, uman yerdən küsülür. Təəssüf ki, umacaq da görmür, xeyli təəccüblənirik. Təəccüblənirik ona görə ki, qardaş ölkədə kimlərsə Azərbaycana qarşı çıxmaq üçün bir növ fürsət gözləyirlərmiş kimi davranırlar. İstər-istəməz sual yaranır: Belələri Türkiyə cəmiyyətində necə yetişir? Həqiqətən, hər şeyi bir andaca silməyə həvəslilər Türkiyənin harasında və necə bəslənir? Hələ onların hansı üsullarla bəslənib yetişdirildiyini sorğulamırıq. Çünki ortaya daha əcaib mənzərənin çıxmasından ehtiyatlanırıq.
Əslində, ehtiyatlanmır, sadəcə, əndərəbadilikləri görmək istəmirik. Bəzən həqiqətlə üz-üzə gəlməkdən çəkinirsən. Qorxmursan, sadəcə, utanırsan. Axı prinsipcə, Türkiyənin pisləri də bizimdir. Görəsən, o pislər özlərinin bizdən olmadıqlarını dayanmadan, dönmədən vurğulamaq üçün dəridən-qabıqdan çıxmaq cəsarətini haradan alırlar?
Utanmaq məsələsinə sonda qayıdacağıq. Hələlik isə sualların həddən artıq çox olduğunu vurğulayaq. Elə Türkiyədə bəzilərinin Azərbaycanla münasibətləri süni şəkildə dini-ideoloji qarşıdurma müstəvisinə gətirmək “əzmlərinin” haradan qaynaqlandığı da onlardan biri və ən başlıcasıdır.
Yəni qardaş ölkədə belələrinə “dur” deyən tapılmayacaq? Həqiqətənmi onlar Azərbaycanın daxili işlərinə qarışmaq yönümlü təbliğatlarını cəmiyyətə “yedirtmək” ardıcıllığını qoruyacaqlar? Həqiqətənmi, ayrı-ayrı marginal şəxslər media vasitəsilə özlərinin təxribatçı baxışlarını yaymaqda israrlı olacaqlar?
Dinlə əlaqədar məsələlər yüksək həssaslıq tələb edir. Xüsusən uşaqların təhsili və məktəbin dünyəvi xarakteri barədə danışarkən, cəmiyyəti bir-birinə qarşı qoyan ifadələrdən çəkinmək lazımdır. O da məlumdur ki, dini etiqadı olan insanları ümumiləşdirərək günahlandırmaq ritorikasına köklənmək də, dünyəvi təhsili müdafiə edənləri din düşməni adlandırmaq da sağlam müzakirə məntiqinə sığmır. Mübahisə varsa, onun həlli əsaslandırılmış izah, hüquqi aydınlıq çərçivəsində olmalıdır. Elə isə şahidinə çevrildiyimiz mənzərə nədir? Məsələn, Türkiyənin nüfuzlu “Yeni Şafak” qəzeti baş örtüyünə görə məktəbə buraxılmadığını bildirdiyi azərbaycanlı şəhid qızının hekayəsini önə çıxarır, sentimental görüntü formalaşdırır. Buna manipulyasiya deməyib, nə deyək?
Türkiyə mediasında İsrail amilini “hicab məsələsi” fonunda təhlil edən nəşrlərə də rast gəlinir. Bu baxımdan Azərbaycanın İsraillə enerji və müdafiə əlaqələri Türkiyədəki bəzi siyasi və dini çevrələrin tənqidlərinin səbəblərindən biri kimi göstərilir. Guya Bakı Tel-Əvivlə əməkdaşlığa yeni başlayıb və Ankaradan üz döndərib.
Bəli, Azərbaycanın İsraillə münasibətlərindən ölkəmizin Fələstin xalqının hüquqlarını rədd etməsi nəticəsi çıxarılmamalıdır ki, belə, yumşaq desək, yanlış qənaətlərin Türkiyənin ictimai rəyinə aşılanması da təəssüf doğurmaqdadır. Görəsən, bu düşüncə müəllifləri ölkəmiz Fələstinə humanitar yardım göstərəndə harada idilər? Cavab məlumdur: onlar qınlarına çəkilib gözləyirdilər. Gözləyirdilər ki, ağızlarını açmaq üçün fürsət yetişsin. Hər halda, Türkiyə mediasının mövcud məqama diqqət yetirməsi, kimlərə tribuna verdiyini götür-qoy etməsi, həssas davranması çox vacibdir.
Azərbaycan–Türkiyə münasibətlərinin indiki sınağı qarşılıqlı etimadın gündəlik siyasi davranışda necə qorunması ilə bağlıdır. Aydındır ki, böyük ölçüdə götürsək, “Bir millət, iki dövlət” düşüncəsi qiymətlidir. Deməli, bundan sonrakı mərhələdə vəzifəli şəxslərin sözə məsuliyyətlə yanaşmaları, partiyalararası məsləhətləşmələrin davam etməsi və yanlış məlumatlara vaxtında aydınlıq gətirilməsi faydalı olardı.
Müvafiq olaraq media tənqidi konkret şəxsə, açıqlamaya və əmələ ünvanlamalıdır. Başqa cür yanaşma nə obyektiv jurnalistika prinsiplərinə, nə də iki qardaş ölkə arasındakı mövcud strateji münasibətlərin ruhuna uyğundur. Axı “Bir millət, iki dövlət” prinsipi ölkələrimizin müstəqil dövlətlər kimi bərabərhüquqlu əməkdaşlığını və qardaşlığını ifadə edir. Yəni bunu dərk edib, xoşagəlməzliklərə münasibətdə vahid cəbhə formalaşdırmaq bu qədərmi çətindir?
Mətbuat Şurasının bəyanatında o da bildirilir ki, narahatlıq doğuran məqamlardan biri Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının təkcə Türkiyənin sosial şəbəkə seqmenti ilə məhdudlaşmaması, ölkənin bəzi ənənəvi media orqanlarının da xoşagəlməz duruma ortaq çıxmalarıdır: “Həmin materiallarda tənqid və fikir azadlığının sərhədləri açıq şəkildə açılır, sosial şəbəkə hesablarında Azərbaycan Respublikasında konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və hakimiyyətin qeyri-qanuni yollarla ələ keçirilməsinə yönələn təhlükəli çağırışlara tribuna yaradılır”.
Mətbuat Şurasının bəyanatında çağırış da ifadəsini tapır. Bildirilir ki, Türkiyənin media qurumları, jurnalist təşkilatları, redaksiyaları və rəqəmsal platformalarda ictimai rəyə təsir göstərən şəxsləri Azərbaycana dair məlumatları dərc etməzdən əvvəl onları etibarlı mənbələr əsasında yoxlasınlar, faktların təhrifindən, saxta və kontekstdən çıxarılmış görüntüləri yaymaqdan, Azərbaycan dövlətinin və xalqının ünvanına yönələn təhqir, böhtan və nifrət ritorikasından çəkinsinlər, ən əsası, hər növ manipulyativ kampaniyalara qarşı prinsipial mövqe nümayiş etdirsinlər.
Əslində, bu yazımız da qardaş ölkə mediasına çağırış ruhludur. Ən azından, belə qarşılanmasını istərdik. Sonda isə bir daha utanmaq barədə. Aydındır ki, Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı gərginlik fazası hər iki ölkənin mütərəqqi kəsimini ciddi şəkildə narahat edir. Ancaq təkcə narahatlıq keçirməklə kifayətlənmək olmaz. Həm də ona görə olmaz ki, kimlərinsə durumu fürsət bilib ortaya atdıqları sərsəm tezislər həm də çıxılmaz vəziyyət formalaşdırır. Sözümüz ondadır ki, gələcəyi görmək lazımdır. O gələcək ki, orada vaxtilə yaşananlara görə utanc hissi keçirilməsin. Başqa nə deyək? Allah utandırmasın.
Əvəz RÜSTƏMOV
XQ