Elekrtomobillər neft bazarını çökdürəcək?

28.05.2026

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Elektrikli avtomobillər son illərdə texnologiya və avtomobil sənayesində ən sürətlə inkişaf edən sahələrdən biridir.

Bu isə dünya iqtisadiyyatında yeni dəyişikliklərin başlanğıcı kimi qiymətləndirilir. Belə ki, ətraf mühitin qorunması, yanacaq xərclərinin azalması və texnologiyanın inkişafı bir çox ölkəni ənənəvi benzin və dizel avtomobillərindən uzaqlaşdırmağa başlayıb. Bu dəyişiklik isə xüsusilə iqtisadiyyatı neft ixracından asılı olan ölkələr üçün ciddi müzakirələr yaradır.

Mütəxəssislər hesab edirlər ki, gələcəkdə elekrtomobillərin sayının artması neftə olan tələbatı azalda və dünya enerji bazarında yeni balans formalaşdıra bilər.

Bəs elekrtomobillərin sayının sürətli artımı neft bazarını zəiflədə bilərmi? Dünya ölkələrinin bu sahəyə keçidi neft ixrac edən dövlətlər üçün hansı riskləri yarada bilər?

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nasirli “Cebheinfo.az”-a bildirib ki, elekrtomobillərin artması neftə olan tələbatı azalda bilər:

“İnsanlar benzin və dizel əvəzinə elektrik enerjisindən istifadə etdikcə neft satışları zəifləyə bilər. Bu isə neftdən böyük gəlir əldə edən ölkələrin iqtisadiyyatına mənfi təsir göstərə bilər. Xüsusilə gəlirlərinin böyük hissəsi neft ixracından asılı olan ölkələrdə büdcə problemləri, işsizlik və iqtisadi geriləmə riski yarana bilər.

Əgər dünya ölkələri elekrtomobillərə keçidi sürətləndirsə, neft ixrac edən ölkələr gəlirlərinin azalması ilə üzləşə bilər. Neft qiymətlərinin düşməsi dövlət büdcəsinə təsir edər, sosial layihələrin maliyyələşdirilməsi çətinləşər və iqtisadi sabitlik zəifləyə bilər. Buna görə də bir çox ölkələr iqtisadiyyatlarını yalnız neftdən asılı saxlamamağa çalışırlar.

Elekrtomobillərin geniş yayılması yanacaq qiymətlərinə də təsir edə bilər. Neftə tələbat azaldıqca benzin və dizelin qiymətlərində enmə ola bilər. Eyni zamanda ənənəvi benzin və dizel avtomobillərinə maraq da azala bilər”.

Ekspert qeyd edib ki, artıq avtomobil şirkətləri daha çox elektrikli modellər istehsal etməyə başlayar və gələcəkdə avtomobil bazarında əsas üstünlük elektrikli nəqliyyat vasitələrinə keçə bilər.

Aişə
“Cebheinfo.az”

Açar sözlər: Elektrikli avtomobillər Akif Nasirli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью