Elektrikli avtomobillər üçün maraqlı yenilik: Günəş paneli quraşdırılır

24.11.2026

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Elektrikli avtomobillərin enerji doldurma məntəqələrindən asılılığını azaltmaq məqsədilə yeni texnologiyalar hazırlanır. ABŞ-nin Los-Anceles şəhərində yaradılan modul tipli günəş paneli sistemi avtomobillərin damını enerji istehsal edən qurğuya çevirərək sürücülərə əlavə yürüş məsafəsi qazandırır.

Avtosfer.az xəbər verir ki, yeni sistem elektrikli avtomobillərə, SUV modellərinə və karavanlara quraşdırılmaq üçün nəzərdə tutulub.

Dam baqajına yerləşdirilən və xüsusi enerji bağlantısı vasitəsilə avtomobilin batareyasına qoşulan 500 vatt gücündə bir panel gündə orta hesabla 2500 vatt-saat enerji istehsal edə bilir. Bu isə avtomobilə təxminən 10-11 kilometr əlavə yürüş məsafəsi qazandırır.

Daha çox enerji əldə etmək istəyən sürücülər sistemə əlavə üç panel də qoşa bilərlər. Bu halda gündəlik enerji istehsalı 10 000 vatt-saata, əlavə yürüş məsafəsi isə təxminən 40-48 kilometrə çata bilər.

Texnologiyanın əsas üstünlüklərindən biri elektrik şəbəkəsinə qoşulmadan günəş enerjisindən istifadə imkanının yaradılmasıdır. Bu xüsusiyyət xüsusilə gündəlik qısa məsafələr qət edən və avtomobilini əsasən şəhər daxilində idarə edən sürücülər üçün enerji xərclərini azaltmağa kömək edə bilər.

Sistemin yüksək sürətdə davamlılığını yoxlamaq məqsədilə saatda 160 kilometr sürətlə sınaqlar keçirilib. Qurğu avtomobilin damında cəmi 3,8 santimetr hündürlük tutan sabit əsas paneldən və avtomobil park edildikdə hər iki tərəfə açılan əlavə panellərdən ibarətdir. Açılan panellərlə birlikdə sistemin ümumi uzunluğu 4,3 metrə çatır.

Məlumata görə, əsas panel avtomobil hərəkətdə olarkən də enerji istehsal edə bilir. Lakin açılıb-genişlənən əlavə panellər yalnız avtomobil park vəziyyətində olduqda istifadə edilir.

Alüminium çərçivəyə və polikarbonat qoruyucu örtüyə malik panellərin hər birinin çəkisi 20 kiloqramdır. Qurğu ehtiyac olduqda avtomobildən sökülərək düşərgə ərazilərində və digər məkanlarda xarici enerji mənbəyi kimi də istifadə edilə bilər.

Yeni texnologiya elektrikli avtomobillərin enerji təminatında günəş enerjisindən istifadənin genişləndirilməsi baxımından maraq doğurur. Bununla belə, faktiki enerji istehsalı hava şəraitindən, günəş işığının intensivliyindən və avtomobilin yerləşdiyi məkandan asılı olacaq.

Eltac Zülfüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью