Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Dünyanın əksər ölkələrində elektrik avtomobillərinin alışını stimullaşdırmaq üçün vergi ödənişindən imtina edilir. Yəni elektrik avtomobilləri daha çox istehsal olunur”.
Bizim.Media xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bugünkü plenar iclasında Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, elektrik avtomobillər digər avtomobilləri rəqabətdə bazardan çıxardığına görə və bu avtomobili istehsal edən az sayda dövlətlər bazarlarını qoruma məqsədi ilə vergi müəyyən edirlər:
"Bu da istehsalçı kimi onların strateji məqsədlərinə uyğun addımdır. Azərbaycanda keçən ilə qədər elektrik avtomobillərinin gətirilməsinə vergi yox idi, amma bu ildən tətbiq olunur. Məncə, bu kifayət qədər bizim iqtisadi imkanlarımıza təsirini göstərəcək.
Verginin qoyulması təbii ki, ölkəyə gətirilən elektrik avtomobillərinin qiymətlərinin yüksəlməsinə gətirib çıxaracaq və hazırda bu qiymətlər artıq yüksəlməkdədir. Və təbii ki, ölkəyə daxil olan elektrik avtomobillərinin sayını da azaldacaq. Yenə də biz dizel və benzinlə işləyən avtomobillərin çoxluğunu müşahidə edəcəyik".
Deputat bu vergidən büdcəyə əslində çox böyük vəsaitin daxil olmadığını qeyd edib:
"Əgər güclü vəsait olsaydı bunu qəbul etmək mümkün idi. Hesab edirəm ki, elektrik avtomobillərinin sayının, satış nöqtələrinin azalması, elektrikin və benzinlə daha az istifadə olunmasına, təmir yerlərinin və iş yerlərinin azalmasına gətirib çıxarır və bununla da büdcəyə daxil olan vəsaitlərin ciddi şəkildə azalması baş verir.
Eyni zamanda, böyük şirkətlər müxtəlif yollar tapırlar ki, belə vergidən yayınsınlar. Bu da bir çox hallarda neqativ vəziyyətin yaranmasına səbəb olur".
Günay Şahmar, Bizim.Media