Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qış mövsümü ərəfəsində alternativ istilik sistemlərinə, xüsusilə elektrikli kombilərə maraq artır. Təbii qaz xətti olmayan ərazilərdə bu qurğulara tələbatın yüksəlməsi onların iqtisadi səmərəliliyi, təhlükəsizliyi və ənənəvi qaz sistemləri ilə müqayisədə üstünlükləri məsələsini yenidən gündəmə gətirir.
Elektrikli kombilərin əsas üstünlüklərindən biri qaz sızması, dəm qazı zəhərlənməsi və partlayış risklərinin olmamasıdır. Bundan başqa, bu sistemlərdə baca çəkilməsinə ehtiyac duyulmur. Lakin ilkin quraşdırma xərcləri ilə yanaşı, aylıq istismar məsrəfləri də seçim zamanı nəzərə alınmalı əsas amillərdəndir.
Bəs elektrikli kombilərə keçid qaz sərfiyyatını və istilik xərclərini azaltmağa imkan verəcəkmi? Bu sistemlərin geniş yayılması nə dərəcədə realdır?
"Bakupost" xəbər verir ki, iqtisadçı Xalid Kərimli mövzu ilə bağlı Musavat.com-a açıqlamasında Azərbaycanın uzunmüddətli iqlim öhdəlikləri çərçivəsində qazla isitmə sistemlərindən elektrik enerjisinə keçid məsələsi də gündəmdədir deyib.
Onun sözlərinə görə, Azərbaycanın qoşulduğu Paris İqlim Sazişi çərçivəsində 2035 və 2060-cı illər üçün müəyyən hədəflər nəzərdə tutulub. Bu istiqamətdə uzunmüddətli perspektivdə qazla isitmə sistemlərinin elektriklə əvəzlənməsi də müzakirə olunan məsələlərdəndir.
İqtisadçı qeyd edib ki, istilik sisteminin seçilməsi vətəndaşın imkanları, texniki şərtlər və təhlükəsizlik standartları əsasında müəyyənləşməlidir. Əgər istifadə olunan avadanlıq müvafiq texniki normalara cavab verirsə, istehlakçının hansı enerji mənbəyinə üstünlük verməsi onun öz seçimidir.
"Elektrikli isitmə sistemlərinin əsas çatışmazlığı istismar xərclərinin yüksək olmasıdır. Belə ki, mövcud şəraitdə təbii qazla isitmə elektrik enerjisi ilə müqayisədə daha ucuz başa gəlir. Bu baxımdan, elektrikli kombiyə keçid hər bir halda ailə büdcəsinə qənaət demək deyil.Bununla belə, seçim zamanı yalnız enerji tarifləri əsas götürülməməlidir".
İqtisadçı vurğulayıb ki, bəzi yaşayış sahələrində baca quraşdırmaq mümkün olmur və ya qaz kombisinin istifadəsi üçün texniki imkanlar mövcud deyil. Belə hallarda elektrikli kombi daha məqsədəuyğun alternativə çevrilə bilər.
Xalid Kərimlinin qənaətinə görə, vətəndaşlar qərar verərkən hər iki sistemin illik istismar xərclərini, təhlükəsizlik şərtlərini və quraşdırma imkanlarını müqayisə etməlidirlər. Xüsusilə qaz avadanlığının təhlükəsiz istismarı üçün zəruri şərait yoxdursa, daha ucuz yanacaqdan istifadə etmək iqtisadi baxımdan sərfəli görünsə də, ciddi təhlükəsizlik riski yarada bilər.