Elektrikli skuterlərlə bağlı travmalar artır Səhiyyə Nazirliyindən XƏBƏRDARLIQ

28.01.2026

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Elektrikli skuterlərdən düzgün istifadə olunmaması yol-nəqliyyat travmalarının sayını artırır və bu xəsarətlər artıq statistik göstəricilərdə öz əksini tapır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Baş direktorunun müavini - baş həkim Nizami Məmmədov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.

Onun sözlərinə görə, son illər skuterlərin, xüsusilə də elektrikli skuterlərin geniş yayılması bu növ travmaların da artmasına səbəb olub. Bu xəsarətlər avtomobil qəzaları kateqoriyasına daxil edilir və ümumi yol-nəqliyyat hadisələrinin müəyyən hissəsini təşkil edir.

Nizami Məmmədov bildirib ki, təkcə cari ayın statistik göstəricilərinə əsasən, institutda 3 nəfər skuter travması, eləcə də iki təkərli nəqliyyat vasitələri ilə bağlı xəsarətlər qeydə alınıb. Bu hallar ümumi yol-nəqliyyat hadisələrinin təxminən 5-10 faizini təşkil edir.

Həkimin sözlərinə görə, skuter travmaları daha çox qoruyucu dəbilqədən istifadə etməyən şəxslərdə müşahidə olunur və əsas problemlər baş-boyun nahiyəsinin zədələnməsi ilə bağlıdır. Eyni zamanda, skuterlər üçün nəzərdə tutulmuş xüsusi zolaqlardan düzgün istifadə edilməməsi və skuterlərin piyadalara çırpılması nəticəsində yaranan xəsarətlərin sayı da artmaqdadır.

O vurğulayıb ki, əvvəllər bu tip travmalara nadir hallarda rast gəlinirdisə, son dövrlərdə skuter istifadəsinin artması ilə əlaqədar olaraq bu cür xəsarətlərlə xəstəxanaya müraciət edənlərin sayı da yüksəlməkdədir.

Zeynəb Rzayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью