Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Səfərbərlik üzrə hərbi xidmətə tibbi müayinəyə çağırışların rəqəmsal formada həyata keçirilməsi çağırış prosesinin daha operativ, şəffaf və səmərəli təşkilinə mühüm töhfə verəcək”.
Bu barədə Xalqcəbhəsi.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bildirib.
Ekspert qeyd edib ki, dünyada rəqəmsallaşma sürətlə inkişaf etdiyi üçün hərbi çağırış sisteminin də müasir texnologiyalara uyğunlaşdırılması zəruridir:
“Ənənəvi çağırış üsulları artıq müasir dövrün tələblərinə tam cavab vermir. Çağırışçıların tibbi müayinəyə, hərbi xidmətə və ya təlim-toplanışlarına dəvət olunması elektron sistem üzərindən həyata keçirilməlidir. Bu istiqamətdə müəyyən addımlar atılıb, lakin proses tam başa çatdırılmalıdır. Dövlət informasiya sistemləri vasitəsilə vətəndaşların mobil telefonlarına və digər elektron cihazlarına göndərilən bildirişlər çağırış prosesini xeyli asanlaşdıracaq.
Vətəndaş harada olmasından asılı olmayaraq, növbəti tibbi müayinəsi və ya çağırışla bağlı məlumatı operativ şəkildə əldə edəcək. Bu da vaxt itkisini aradan qaldıracaq və çağırış prosesinin daha çevik təşkilinə imkan verəcək”.
Ekspert bildirib ki, rəqəmsal bildiriş sistemi şəffaflığın artırılmasına da xidmət edəcək:
“Bəzən çağırışçılar məlumatlandırılmadıqlarını iddia edirlər. Elektron bildiriş sistemi tətbiq edildikdə isə bu cür halların qarşısı alınacaq. SMS və ya elektron bildiriş alan şəxs çağırış barədə vaxtında məlumatlandırılmış olacaq və bu, həm məsuliyyəti artıracaq, həm də süründürməçilik və anlaşılmazlıqları minimuma endirəcək. Çağırış prosesinin dövlət informasiya sistemləri üzərindən idarə olunması ümumi səmərəliliyi artıracaq və müasir dövlət idarəçiliyinin tələblərinə uyğun daha effektiv mexanizmin formalaşmasına imkan verəcək”.
Günel Elxan