Elektron cihazların qeydiyyatı yeni vergi mexanizminə çevrilə bilərmi?

11.11.2026

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Son illərdə elektron cihazların idxalı və dövriyyəsinə nəzarətin gücləndirilməsi istiqamətində müxtəlif mexanizmlər tətbiq olunur.

Mobil telefon və smart saatların qeydiyyata alınması da bu baxımdan həm iqtisadi, həm də fiskal əhəmiyyət daşıyan məsələlərdən biridir.
Belə bir sistemin tətbiqi dövlətə elektron məhsulların bazar dövriyyəsini izləmək, idxalın şəffaflığını təmin etmək və vergi nəzarətini gücləndirmək imkanı yarada bilər.

Bəs bu mexanizm gələcəkdə elektron cihazların vergiyə cəlb olunması üçün də əsas ola bilərmi?

İqtisadçı İlqar Hüseynov “Cebheinfo.az”-a bildirib ki, elektron cihazların qeydiyyatı dövlət üçün həm təhlükəsizlik, həm bazar şəffaflığı, həm də vergi inzibatçılığı baxımından faydalı mexanizmdir:“Amma bir məsələni xüsusilə vurğulamaq lazımdır: qeydiyyat sisteminin fiskal alətə çevrilməsi ilə onun əsas məqsədi olan texniki uçot və təhlükəsizlik funksiyası bir-birindən fərqləndirilməlidir.


Dövlətin vergi bazasını genişləndirmək istəyi başadüşüləndir. Bununla belə, hər yeni vergi və rüsumun iqtisadi əsaslandırması, istehlakçıya təsiri və bazarda rəqabətə nəticələri əvvəlcədən qiymətləndirilməlidir.


Hesab edirəm ki, elektron məhsulların qeydiyyatı və uçotu iqtisadi şəffaflığı artırmalıdır. Lakin bu proses əhalinin texnologiyaya çıxışını bahalaşdıran əlavə fiskal yükə çevrilməməlidir”. İqtisadçı qeyd edib ki, rəqəmsal iqtisadiyyatın inkişaf etdiyi bir dövrdə dövlətin elektron cihazların uçotunu aparması təbiidir:

“Ancaq uçot və nəzarət mexanizmi ilə vergi toplama mexanizmini eyniləşdirmək olmaz. Əsas məqsəd şəffaf bazar yaratmaq, qanuni idxalı stimullaşdırmaq və istehlakçıların maraqlarını qorumaq olmalıdır”.

Aişə
“Cebheinfo.az”

 

Açar sözlər: Elektron cihazlar İlqar Hüseynov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью