Elektron dərslik sisteminə başlanılacaq Ekspert yeniliyin əhəmiyyətindən və risklərdən DANIŞDI

22.01.2026

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Deputat Ceyhun Məmmədov dərsliklərdə mövcud problemlərin həlli üçün onların rəqəmsallaşdırılmasını təklif edib və bildirib ki, elektron format səhvlərin operativ aradan qaldırılmasına, yenilənmiş materialların daha sürətli şəkildə şagirdlərə çatdırılmasına imkan verər.

Deputatın fikirlərini Redaktor.az-a şərh edən təhsil eksperti Rizvan Fikrətoğlu bildirdi ki, Ceyhun müəllim təhsil sahəsində olduqca təcrübəli şəxsdir, eyni zamanda pedaqoqdur:

"Bir müddət İlahiyyat İnstitutunun rektoru kimi çalışıb və fəaliyyət göstərib. Bu baxımdan təhsili dərindən bilən mütəxəssisdir, həmçinin deputatdır. Təklif ümumilikdə müsbət və müasir yanaşma kimi qiymətləndirilə bilər. Lakin bu təklifin effektivliyi üçün bir neçə vacib şərt mövcuddur. Müsbət cəhətlər kifayət qədərdir. Səhvlərin operativ şəkildə düzəldilməsi baxımından yanaşsaq, elektron dərsliklərdə aşkar olunan faktoloji və ya texniki xətalar qısa müddətdə yenilənə bilər. Bu isə çap dərsliklərində mümkün deyil. Məzmunun daim aktual qalması məsələsi də önəmlidir. Proqram dəyişiklikləri, yeni elmi məlumatlar və metodik yanaşmalar şagirdlərə gecikmədən çatdırıla bilər. Əlçatanlıq və rahatlıq baxımından da elektron dərsliklər axtarış imkanları, interaktiv tapşırıqlar, video və audio materiallar vasitəsilə təhsilin keyfiyyətini artıra bilər. Uzunmüddətli perspektivdə çap və paylama xərclərinin azalması büdcəyə də müsbət təsir göstərə bilər".

Ekspert qeyd etdi ki, burada müəyyən risklər və problemlər də mövcuddur.

"Rəqəmsal bərabərsizlik riski, daha doğrusu problemi var. Regionlarda internetə və uyğun texniki cihazlara çıxış eyni səviyyədə deyil. Bu məsələ həll olunmadan tam rəqəmsallaşma bir qədər qeyri-mümkün görünür. Sağlamlıq və yaş amili də nəzərə alınmalıdır. Xüsusən ibtidai siniflər üçün uzunmüddətli ekran istifadəsi arzuolunan deyil. Müəllim hazırlığı məsələsinə gəldikdə isə, elektron dərsliklərin səmərəli istifadəsi üçün müəllimlərin rəqəmsal bacarıqları gücləndirilməlidir. Texniki və məzmun nəzarəti baxımından yenilənmələrin keyfiyyətli və vahid standartlar əsasında aparılması vacibdir. Nəticə etibarilə, deputat Ceyhun Məmmədovun təklifi məqsədəuyğundur. Lakin çap və elektron dərsliklərin paralel istifadəsi, mərhələli keçid, infrastrukturun gücləndirilməsi və müəllim hazırlığı ilə müşayiət olunarsa, daha uğurlu nəticə verə bilər. Rəqəmsallaşma burada məqsəd deyil, təhsilin keyfiyyətini artıran vasitə kimi həyata keçirilməlidir", - deyə müsahibimiz vurğuladı.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью