Elektron siqaretlər ağciyərləri necə məhv edir?

21.11.2026

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son elmi araşdırmalar elektron siqaret (veyplər) aerozollarının tənəffüs yollarına və ağciyərlərin fəaliyyətinə mənfi təsir göstərə biləcəyini ortaya qoyub.

"Cehbeinfo.az" xəbər verir ki, araşdırmanın nəticələrinə görə, elektron siqaretdən istifadə edən şəxslərdə cəmi bir il ərzində ağciyər funksiyasının ölçülə bilən dərəcədə zəifləməsi müşahidə olunur.

İstifadə tezliyi artdıqca bu göstəricidəki azalma da daha çox olur.

Tədqiqatçılar əsasən elektron siqaretdən istifadə edən 21-35 yaş arası 22 nəfəri təxminən bir il müddətində müşahidə ediblər. İştirakçıların tənəffüs göstəriciləri araşdırmanın əvvəlində və bir il sonra yenidən ölçülüb.

Araşdırmada FEV1 göstəricisi əsas götürülüb. Bu göstərici insanın bir saniyə ərzində güclə xaric edə bildiyi havanın həcmini ifadə edir. Həkimlər ondan xroniki obstruktiv ağciyər xəstəliyi (XOAX) kimi tənəffüs sistemi xəstəliklərinin qiymətləndirilməsində istifadə edirlər.

Təkrar müayinələr zamanı iştirakçıların FEV1 göstəricisində nəzərəçarpacaq azalma qeydə alınıb. Nəticələr elektron siqaretdən istifadə tezliyi ilə ağciyər funksiyasının zəifləməsi arasında əlaqənin olduğunu göstərib.

Məlum olub ki, gündə 5-9 dəfə elektron siqaretdən istifadə edənlərdə bu göstərici gündə dörd dəfəyədək istifadə edənlərlə müqayisədə təxminən 100 millilitr, gündə 10-29 dəfə istifadə edənlərdə 190 millilitr, gündə 30 və daha çox dəfə istifadə edənlərdə isə 240 millilitr daha çox azalıb.

Tədqiqat müəllifləri əldə olunan nəticələri elektron siqaretdən uzunmüddətli və intensiv istifadənin gələcəkdə xroniki obstruktiv ağciyər xəstəliyinin (XOAX) yaranma riskini artıra biləcəyinə dair ilkin göstəricilər kimi qiymətləndirirlər.

“Northwell Health” tibb müəssisəsinin həkimi Mina Makaryus bildirib ki, bu nəticələr elektron siqaretin düşünüldüyü qədər təhlükəsiz olmaya biləcəyinə dair xəbərdarlıq kimi qəbul edilməlidir.

Tədqiqatçılar daha dəqiq nəticələr əldə etmək üçün elektron siqaretdən istifadə edən və etməyən şəxslərin uzun müddət müşahidə olunacağı genişmiqyaslı araşdırmalara ehtiyac olduğunu bildirirlər.

Qeyd edək ki, bu araşdırma nüfuzlu “Tobacco Control” elmi jurnalında dərc olunub.

“Cehbeinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью