Ələtdə qablaşdırma zavodu yaradılacaq

01.10.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hindistanın “UFlex Limited” şirkəti və Azərbaycan Biznesinin İnkişafı Fondunun iştirakı ilə ölkəmizdə qablaşdırma məhsullarının istehsal ediləcəyi müəssisə yaradılacaq.

Hindistanın qablaşdırma sənayesində ixtisaslaşmış beynəlxalq şirkəti “UFlex Limited” ilə İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) arasında əməkdaşlıq çərçivəsində Ələt Azad İqtisadi Zonasında yeni istehsal müəssisəsinin yaradılması nəzərdə tutulur. Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, layihə “UFlex Limited”in beynəlxalq aktivlərini idarə edən Flex Middle East FZE şirkəti vasitəsilə reallaşdırılacaq. Bu məqsədlə İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində ABİF, Flex Middle East FZE və Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti arasında birgə iştirak müqaviləsi imzalanıb.

117,7 milyon ABŞ dolları dəyərində olan istehsal layihəsi Ələt Azad İqtisadi Zonasında həyata keçiriləcək. Layihənin icrası məqsədilə “Flex Films AZB AFEZCO” şirkəti təsis edilib. Zavodun inşası üçün isə Ələt Azad İqtisadi Zonasında 4,7 hektar torpaq sahəsi ayrılıb. Layihə çərçivəsində illik 60 min ton istehsal gücünə malik müasir müəssisənin yaradılması planlaşdırılır.

Layihənin həyata keçirilməsi Azərbaycanda qeyri-neft-qaz sektorunun inkişafı, ixracyönümlü istehsalın genişləndirilməsi, xarici investisiyaların cəlb edilməsi və ölkəmizdə qablaşdırma sənayesinin inkişafına töhfə verəcək.

Qeyd edək ki, “UFlex Limited” 1985-ci ildə Hindistanda təsis edilmiş beynəlxalq şirkətdir. Şirkət qablaşdırma plyonkaları, qablaşdırma materialları və əlaqəli məhsul və texnologiyaların istehsalı üzrə ixtisaslaşıb. Hazırda “UFlex” dünyanın 9 ölkəsində beynəlxalq standartlara uyğun istehsal müəssisələri fəaliyyət göstərir. Həmin müəssisələrdə istehsal edilən məhsullar 150-dən çox ölkəyə ixrac olunur.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью