Əli bəy Hüseynzadənin Türkçülük məfkurəsi

03.08.2026

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Əli bəy Hüseynzadə üçün dil milli şüurun vasitəsi, maarif azadlığın şərti, mətbuat isə millətləşmənin əsas institutu idi.“Həyat”da dərc olunan ən mühüm yazılardan biri “Türklər kimdir və kimlərdən ibarətdir?” silsiləsidir. Silsilə qəzetin 1905-ci il 10 iyun tarixli 4-cü nömrəsindən çap edilməyə başlanmışdır. Bu məqalənin əhəmiyyəti yalnız qədim türklərin tarixini izah etməsində deyildi.

Əsas məqsəd Rusiya imperiyasında “tatar”, “müsəlman” və ya yerli coğrafi adlarla təqdim edilən türkdilli xalqlara onların ortaq tarixi və dil mənsubiyyətini göstərmək idi. Əli bəy türk anlayışını tayfa kimlik səviyyəsindən çıxararaq tarixi-mədəni özünüdərk vasitəsinə çevirirdi. Müəllif türklərin mənşəyini, coğrafi yayılmasını, müxtəlif qollarını və dillərinin qohumluğunu araşdırmaqla oxucuya “biz kimik?” sualının cavabını verməyə çalışırdı. Bu səbəbdən əsər həm tarixi-etnoqrafik tədqiqat, həm də milli ideologiyanın formalaşdırılması məqsədi daşıyan publisistik mətn idi. “Türklər kimdir və kimlərdən ibarətdir?” Azərbaycan mətbuatında milli kimliyin elmi əsaslandırılmasına yönəlmiş ilk böyük silsilələrdən biri hesab edilə bilər.“Həyat”da dil məsələsi xüsusi yer tuturdu. Əli bəy Hüseynzadə ədəbi dili millətin mövcudluğunun əsas şərtlərindən biri hesab edir, türk xalqları arasında ortaq ünsiyyət və mədəniyyət dilinin yaranmasını arzulayırdı. Onun fikrincə, ayrı-ayrı türk toplumlarının mədəni yaxınlaşması üçün mətbuatın, məktəbin və ədəbiyyatın ümumi dil məkanına xidmət etməsi lazım idi. Bu istiqamət qəzetdə “İttihadi-lisan”, “Yazımız, dilimiz”, “Türk dilinin vəzifeyi-mədəniyyəsi” kimi mövzular ətrafında davam etdirildi. Əli bəy İstanbul türkcəsini ümumtürk ədəbi dilinin əsas nümunəsi kimi qəbul edir, Azərbaycan türkcəsinin də həmin ümumi ədəbi sistem daxilində inkişafını düşünürdü. Məhz bu mövqe sonradan “Füyuzat”ın dilinin ağır və Osmanlı türkcəsinə həddindən artıq yaxın olması barədə tənqidlərə səbəb oldu. Ancaq Əli bəyin dil mövqeyini sadəcə yerli Azərbaycan türkcəsinə etinasızlıq kimi qiymətləndirmək düzgün olmazdı. Onun məqsədi yerli dili yox etmək deyil, Rusiya və Osmanlı imperiyalarının müxtəlif bölgələrində yaşayan türklər üçün ortaq mədəni informasiya məkanı yaratmaq idi. Yəni bütün türk xalqları bir-birlərini ortaq bir dil ilə başa düşsünlər. Əli bəy Hüseynzadə milli özünüdərk və ümumbəşəri dəyərlər arasında ziddiyyət görmürdü. Onun düşüncəsinə görə, insan bəşəriyyətə milli mədəniyyət vasitəsilə daxil olur. Öz dilini və mədəniyyətini qoruyan millət ümumbəşəri sivilizasiyanı da zənginləşdirir. “Hürriyyət” mövzusunda yazılarında isə azadlıq yalnız siyasi şüar kimi deyil, hüquq, maarif və ictimai məsuliyyətlə bağlı anlayış kimi şərh edilirdi. Əli bəy cəmiyyətin azadlığa yalnız hüquqi və mənəvi hazırlıqla çata biləcəyini düşünürdü. Onun inqilaba münasibəti də birmənalı deyildi: mütləqiyyətə və zülmə qarşı çıxsa da, nəzarətsiz zorakılığı və sosial xaosu tərəqqinin əsas yolu hesab etmirdi. Beləliklə, “Həyat” milli özünüdərk, siyasi hüquq və mədəni yeniləşmə problemlərini gündəlik mətbuatın əsas mövzusuna çevirdi. Qəzetin ən böyük tarixi xidməti Azərbaycan türklərini yalnız dini icma kimi deyil, dili, tarixi və siyasi mənafeyi olan millət kimi düşünməyə çağırması idi. Qəzetin 3 sentyabr 1906-cı ildə çıxan sonuncu nömrəsində qəzetin fəaliyyətini dayandırdığı və onun əvəzinə “Füyuzat” adlı ədəbi, elmi, ictimai və siyasi həftəlik məcmuənin nəşr olunacağı bildirilirdi. Bu elan iki nəşr arasındakı ideya və redaksiya davamlılığını birbaşa göstərir. “Füyuzat” “Həyat”ın təsadüfi əvəzedicisi deyil, onun ideyalarını daha geniş fəlsəfi və ədəbi formada davam etdirən yeni mərhələ idi. Jurnalın ilk nömrəsi köhnə təqvimlə 1 noyabr, yeni təqvimlə 14 noyabr 1906-cı ildə Bakıda çap edildi. Baş redaktor və əsas ideoloq Əli bəy Hüseynzadə idi. “Füyuzat”ın neçə nömrəsinin çıxması ilə bağlı mənbələrdə fərq mövcuddur. Azərbaycan mətbuat tarixi mənbələri jurnalın 1906–1907-ci illərdə 32 nömrəsinin nəşr olunduğunu göstərir. ( Türkiyə Diyanət Vəqfi İslam Ensiklopediyasının Əli bəy haqqında məqaləsində isə 38 nömrə qeyd edilmişdir.) Jurnalın ilk nömrəsində dərc olunan “Həyat və meyli-füyuzat” məqaləsi nəşrin adını və məqsədini açıqlayırdı. “Füyuzat” ərəb mənşəli “feyz” sözünün cəm forması kimi mənəvi bolluq, tərəqqi, kamillik və səadət anlamında işlədilirdi. Əli bəy “Həyat”la “Füyuzat” arasında məna əlaqəsi qururdu: həyat öz mahiyyəti etibarilə səadətə, yüksəlişə və mənəvi zənginliyə, tərəqqiyə doğru hərəkətdir. Bu ad jurnalın proqramını dəqiq ifadə edirdi. “Füyuzat” yalnız onun məqsədi yeni düşüncə, yeni zövq, yeni ədəbiyyat və yeni milli insan tipi formalaşdırmaq idi. Jurnal həyatın müxtəlif sahələrini – siyasəti, fəlsəfəni, ədəbiyyatı, elmi, tarixi və incəsənəti vahid milli inkişaf konsepsiyasında birləşdirirdi. “Füyuzat”ın əsas məramı türk-müsəlman cəmiyyətini milli kimlik, mənəvi dəyər və müasir elm əsasında yeniləşdirmək idi. Jurnalın proqramı üç əsas istiqamətdə formalaşmışdı: Türkləşmək – xalqın öz dilini, tarixini və milli mənsubiyyətini dərk etməsi; İslamlaşmaq – İslamın əxlaqi və mənəvi dəyərlərini qorumaq, dini cəhalət və mövhumatdan ayırmaq; Müasirləşmək və ya avropalaşmaq – Avropanın elmini, texnikasını, hüquqi institutlarını və təhsil təcrübəsini mənimsəmək. Əli bəyin ideal insanı milli mənsubiyyətinə görə türk, mənəviyyatına görə müsəlman, düşüncə və ictimai həyat tərzinə görə müasir olmalı idi. Onun müxtəlif mətnlərində “türk qanlı, islam imanlı, firəng fikirli və Avropa qiyafəli” kimi ifadələrlə təqdim edilən bu model sonradan “türkləşmək, islamlaşmaq, müasirləşmək” düsturu şəklində ümumiləşdi. Ziya Gökalp bu üçlü modeli daha sonra nəzəri-sosioloji sistemə çevirdi və “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” adı ilə işləyib inkişaf etdirdi. Gökalp “Türkçülüyün əsasları”nda Hüseynzadənin İstanbul Hərbi Tibb Məktəbində türkçülük fikirlərini yaydığını və onun “Turan” mənzuməsinin panturanizm məfkurəsinin erkən ifadəsi olduğunu qeyd edirdi. Əli bəyin avropalaşması zahiri təqlid deyildi. O, Avropanın siyasi və texniki üstünlüyünün səbəbini geyimdə deyil, elmdə, təhsildə, hüquqda və ictimai təşkilatlanmada görürdü. Eyni zamanda Qərb müstəmləkəçiliyini, şərq xalqlarına tətbiq olunan ikili standartları və imperialist siyasəti tənqid edirdi. Deməli, onun qərbə münasibəti həm öyrənmək, həm də tənqidi qiymətləndirmək prinsipinə əsaslanırdı. “Füyuzat” öz dövrü üçün geniş mövzu dairəsinə malik idi. Jurnalda siyasi icmallar, fəlsəfi publisistika, tarixi araşdırmalar, ədəbiyyatşünaslıq yazıları, tərcümələr, şeirlər, elmi-kütləvi məqalələr və şəkilli materiallar dərc edilirdi. Jurnalın ilk nömrələrində dünya siyasətinin ümumi mənzərəsi, Rusiya inqilabı, İran Məşrutə hərəkatı, Osmanlı dövlətindəki siyasi vəziyyət, Avropa dövlətlərinin müstəmləkə siyasəti və Qafqazdakı milli münasibətlər təhlil edilirdi. Əli bəy Azərbaycan məsələlərini yerli çərçivədə deyil, Rusiya, Osmanlı, İran və Avropada gedən proseslərin tərkib hissəsi kimi təqdim edirdi. Bu yanaşmanın nəticəsində “Füyuzat” Azərbaycan oxucusunu yalnız Bakı və Qafqaz hadisələri ilə deyil, dünya siyasəti ilə düşünməyə çağırırdı. Jurnalın siyasi publisistikası milli şüuru regional və beynəlxalq hadisələrin təhlili ilə birləşdirirdi. Əli bəy təbiət elmləri üzrə təhsil aldığından jurnalda elmi biliklərin yayılmasına xüsusi əhəmiyyət verirdi. “Mütəvəffanın şagirdlərindən biri. Mendeleyev və kimya” məqaləsi “Füyuzat”ın 1907-ci il 10-cu nömrəsində dərc olunmuşdur. Yazıda Mendeleyevin elmi fəaliyyəti və kimya elminə verdiyi töhfələr izah edilirdi. Bu tip məqalələr jurnalın modernləşmə anlayışının mahiyyətini göstərir. “Füyuzat” üçün tərəqqi yalnız milli şüar və siyasi azadlıqdan ibarət deyildi.

Xalqın fizika, kimya, tibb və texniki biliklərə yiyələnməsi milli dirçəlişin zəruri şərti sayılırdı. Əli bəy Şərqin geriliyini dini inancın mövcudluğu ilə deyil, elmi düşüncədən uzaqlaşmaqla əlaqələndirirdi.“Füyuzat” Şərq və Qərb ədəbiyyatı arasında vasitəçilik edən mühüm mətbuat orqanı idi. Jurnalın səhifələrində Avropa romantizmi, klassik alman və fransız ədəbiyyatı, Osmanlı poeziyası və Azərbaycan ədəbiyyatı yanaşı təqdim edilirdi. Höte, Şiller, Bayron, Viktor Hüqo və digər Avropa müəlliflərinə maraq jurnalın estetik dünyagörüşünü formalaşdırırdı. Tərcümələr sadəcə xarici ədəbiyyat nümunələrini tanıtmaq məqsədi daşımırdı. Əli bəy türk dilinin dünya ədəbiyyatı və fəlsəfəsinin mürəkkəb məzmununu ifadə edə biləcək .mədəni dil olduğunu göstərmək istəyirdi. Bu baxımdan tərcümə həm maarifçilik vasitəsi, həm də dilin imkanlarının sınağı idi.“Füyuzat”da İran Məşrutə hərəkatı, Osmanlı dövlətinin vəziyyəti, Mərakeş böhranı və Avropa imperializmi ilə bağlı yazılar çap olunurdu.“Müzəffərəddin”, “Kasablanka faciəsi və Osmanlı-İran komediyası” kimi məqalələrdə Əli bəy şərqin iki əsas problemini qarşılaşdırırdı: xarici müstəmləkəçilik və daxili siyasi zəiflik. O, şərq xalqlarının bütün problemlərini yalnız xarici müdaxilə ilə izah etmirdi. Cəhalət, idarəçilik böhranı, məzhəb və saray çəkişmələri, elmdən uzaqlıq da tənqid edilirdi. Beləliklə, “Füyuzat”ın publisistikası həm Qərb imperializminə, həm də Şərqin daxili ətalətinə qarşı yönəlmişdi. “Füyuzat”ın dili onun həm güclü, həm də zəif cəhəti idi. Yüksək fəlsəfi və elmi anlayışları türk dilində ifadə etmək, Osmanlı və Azərbaycan ədəbi mühitləri arasında körpü yaratmaq baxımından jurnal mühüm təcrübə idi. O, milli mətbuata siyasi nəzəriyyə, fəlsəfə, estetika və elm terminləri gətirirdi. “Füyuzat” çox zaman savadlı şəhər ziyalılarına, müəllimlərə və tələbələrə ünvanlanmış elit fikir nəşri təsiri bağışlayırdı.

Əli bəyin ortaq türk dili layihəsi tarixi baxımdan böyük mədəni ideal idi, lakin Azərbaycan ədəbi dilinin sonrakı inkişafı daha çox yerli danışıq dili, klassik yazı ənənəsi və müasir terminologiyanın sintezi istiqamətində getdi. Buna görə “Füyuzat”ın dil siyasəti milli ədəbi dilimizin son forması deyil, onun keçdiyi mühüm intellektual mərhələ kimi qiymətləndirilməlidir. Əli bəy Hüseynzadənin türkçülüyü bioloji üstünlük və başqa xalqlara düşmənçilik ideologiyası deyildi. Onun türkçülüyünün əsasını milli özünüdərk, dil və mədəniyyət birliyi, tarixi yaddaş və siyasi hüquqlar təşkil edirdi.Turan anlayışı isə bütün türklərin dərhal vahid dövlətdə birləşdirilməsi barədə konkret siyasi xəritədən daha çox ortaq mənəvi və mədəni vətən ideyasını ifadə edirdi. Əli bəy türk xalqlarının məktəb, mətbuat, ədəbiyyat və mədəni əlaqələr vasitəsilə yaxınlaşmasını vacib sayırdı. Onun hələ İstanbulda tələbə olduğu dövrdə yazdığı “Turan” şeiri türk dünyasının birliyi ideyasının erkən poetik ifadələrindən biri hesab olunur. Yusuf Akçura bu şeirin 1892-ci ildə yazıldığını və 1915-ci ildə yaddaşında qalan hissələr əsasında çap etdirdiyini bildirirdi.( Akçuranın yaddaşından təqdim edilmiş variant olması nəzərə alınmalıdır.) Əli bəyin turançılığı zamanla siyasi məzmun da qazandı. Lakin onu sonrakı dövrlərdə yaranmış bütün pantürkist layihələrlə eyniləşdirmək doğru deyil. Türkiyə Diyanət Vəqfi İslam Ensiklopediyası da Hüseynzadə və Yusuf Akçuranı Rusiyadakı türk xalqlarının mədəni və siyasi problemlərini Osmanlı ictimaiyyətinə çatdıran əsas şəxslər sırasında göstərir. Əli bəy Hüseynzadənin Azərbaycandakı ən yaxın fikir və mətbuat silahdaşı Əhməd bəy Ağaoğlu idi. Onlar “Həyat”ı birlikdə idarə edir, milli kimlik, maarif, müsəlmanların hüquqları və müasir cəmiyyət quruculuğu məsələlərində ortaq mövqedən çıxış edirdilər. Lakin Ağaoğlu daha çox siyasi təşkilatlanma, hüquq və ictimai mübarizə məsələlərinə, Hüseynzadə isə fəlsəfə, dil, estetika və ümumtürk mədəniyyətinə üstünlük verirdi. İsmayıl bəy Qaspıralının “dildə, fikirdə, işdə birlik” prinsipi Əli bəyin ortaq türk dili və mədəni əlaqələr düşüncəsi ilə səsləşirdi. Qaspıralı daha çox məktəb islahatı, sadə dil və praktiki maarifçilik yolu tuturdu. Hüseynzadə isə bu xətti fəlsəfi türkçülük, romantik Turan ideyası və yüksək ədəbi üslubla zənginləşdirirdi. Yusuf Akçura Əli bəyin Türkiyədəki yaxın fikir dostlarından idi. Akçura türkçülüyü mümkün siyasi strategiyalardan biri kimi təhlil edirdisə, Hüseynzadə türkçülük, islamçılıq və müasirliyi bir-birini tamamlayan prinsiplər kimi birləşdirirdi.

Akçuranın 1915-ci ildə “Türk Yurdu”nda Hüseynzadə haqqında yazdığı məqalə onun həyat və düşüncəsi barədə dövrə ən yaxın mühüm mənbələrdən biridir. Son olaraq onu demək olar ki, Əli bəy Hüseynzadə türk xalqlarının fikir tarixində və Azərbaycan mətbuat tarixində öz dəsti-xəttini formalaşdıran, türkçülüyü və turançılığı heç nədən çəkinmədən müdafiə edən bir ziyalı idi.

Nəcəf Nəcəfov

BSU jurnalistika fakültəsi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью