Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Əli Kərimlinin həbsindən sonrakı AXCP-ni Fuad Qəhərmanlı elə öyür ki, bəlkə də oxuyan kimsə bu cəmiyyətdə yaşamasa, ya yazanın yapay zəka olduğunu, ya da onun hansısa qalaktikada ulduzların hərəkətindən yazdığını düşünər.
Reallıqları təhrif etmək, həqiqətləri danmaq və gizlətməklə cəmiyyəti manipulyasiya etmək cəhdi siyasi avantüradır. Fuad Qəhrəmanlı Əli Kərimlinin həbsindən sonra AXCP-nin düşdüyü acınacaqlı vəziyyəti ört-basdır etməyə çalışdığından, əslində, əsl reallqıların üzə çıxmasına şərait yaratmış oldu.
Bir adamın profilindən törəyən yüzlərlə profilin cəmində mövcud bir təşkilat, yəni AXCP reallıqda amorf bir təşkilatdır. Fuad Qəhrəmanlı da şəxsən bu həqiqəti təhrif edib yalan yazmaqla özünün də siyasətlə məşğul olan bir şəxs kimi siyasi intiharına hökm verir. AXCP elə Əli Kərimli həbs olunmamışdan əvvəl də bu yalan və manipulyasiyanın qurbanı olan təşkilatdır.
Yalan və illüziyalar həbsdən sonrakı gedişatla tam çılpaq göründü. Əli Kərimlinin həbsi onun nəinki cəmiyyətdə, heç rəhbərlik etdiyi partiyada da ciddi dəstək görmədiyini üzə çıxardı. Partiya üzvləri sədri dəstəkləyən bir neçə post paylaşdılar, azad edilməsini istədilər, ardınca hər kəs öz gündəlik həyatına geri döndü.
Hətta məhkəməsi keçirilən ünvanlara da getmək ehtiyacı görməyənlər oldu. Bəziləri isə Əli Kərimlinin fotosunu profil şəkli etməklə sədrə olan sədaqətlərini sübuta yetirməyi yetərli hesab etdilər. Artıq nə “Facebook”da saxta profillərlə qara-qışqırıq salanlar var, nə də Əli Kərimlinin paylaşımlarının altındakı “layk”lar. Qısa müddət sonra bəlli oldu ki, rəhbərlik etdiyi qruplaşmada da siyasi pərakəndəlik artır.
Əslində, son zamanlar baş verənlər Əli Kərimlinin AXCP-də birləşdirici fiqur olması anlamına gəlmir. Onun fəaliyyəti dağıdıcı siyasi missiyanı yerinə yetirməkdən ibarət olub. Əli Kərimlinin siyasəti “Müxalifətdə parçala və hökm sür” prinsipi üzərində qurulub. Ona görə də vaxtilə başqalarına qarşı törətdiyi əməllər bu gün özünə qarşı yönəlir.
Başqalarına qarşı həmişə siyasi təxribat, gözdənsalma, qarayaxma kampaniyası aparmaq, parçalanma yaratmaq hesabına önə çıxmaq Əli Kərimlinin ənənəvi taktikası olub. Ona görə də Kərimli heç vaxt nə müxalifətdə, nə də ümumiyyətlə, cəmiyyətdə özünə siyasi dəstək və reytinq qazana bilib.
Əli Kərimlinin həsbindən sonra AXCP-də mərkəzdənqaçma prosesinin başlanması da onun öz ətrafındakılara qarşı aldatma və təzyiq üsullarından istifadə etməsinin nəticəsidir. Ona görə də Əli Kərimlinin həbsdə olmasına baxmayaraq, AXCP üzvlərinin guya sıx birləşdiyi, onun yoxluğunun təşkilata təsir göstərmədiyi barədə iddialar da ört-basdır cəhdidir.
Çünki Əli Kərimlinin qanunsuz əməllərinin ifşa olunaraq həbs edilməsindən dərhal sonra başçılıq etdiyi dəstənin bəzi üzvləri xaricə qaçdı. Əli Kərimlinin “müdafiəsi” isə sosial şəbəkələrdə köhnə yazıları paylaşmaq, 2-3 rəy yazıb paylaşımlar etməkdən ibarətdir. Qaçmayanlar isə Əli Kərimlinin həbsini siyasi fürsət hesab edir. Artıq mətbuatda və sosial şəbəkələrdə onu kimin əvəz edəcəyinə dair müzakirələr başlayıb.
Bu müzakirələr isə media, yaxud ictimai fikir tərəfindən tirajlanmır. Bu məlumatı ortaya atanlar elə özləridir. Bu, xəyanət yolu ilə AXCP sədri postunu ələ keçirən Əli Kərimliyə qarşı partiya daxilində belə dəyişiklik ediləcəyi, xoşla olmasa, inqilabi formada hazırlandığını göstərir. AXCP-də baş verənlər bir daha təsdiq edir ki, Əli Kərimli heç kimə, hətta öz üzvlərinə də lazım deyil.
İnsanlar onun radikal çağırışlarının siyasi cəhətdən faydasız populizmdən başqa bir şey olmadığını anlayırlar. Kərimlini sədrlikdən uzaqlaşdırmaq cəhdləri də onun arxaikləşmiş maksimalist siyasi baxışlarının partiyanı geridə qoyması ilə bağlıdır. Ona görə də Əli Kərimlinin qurduğu partiya siyasi deqradasiyaya uğrayır.
Tezliklə Əli Kərimlinin radikal bəyanatlarının sədrliyi ilə birlikdə arxivə atılacağı şübhə doğurmur. Odur ki, indi boş yerə iddialı şəkildə “Əli Kərimli yaratdığı partiya” deməklə əslində Əli Kərimlinin yaratdığı yox, dağıtdığı partiyanın nəzərdə tutulduğu deyilməlidir. O pariya ki, onu məzh Əli Kərimlinin siyasi intriqaları siyasi həyatdan silib atdı.
İndiki AXCP Əli Kərimlinin əsəridir, dağıtdığı, pərən-pərən saldığı, xalqdan və öz siyasi keçmişindən uzaqlaşdırdığı, ancaq və ancaq onun şəxsi maraqlarına xidmət edən kiçik bir qrupdur. İndi isə o qrup da dağılır.
Süleyman
“Cebheinfo.az”
Açar sözlər: Əli Kərimli AXCP Fuad Qəhrəmanlı
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin