Əli Məsimli Davos Forumundan YAZDI

22.01.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

“Məlum olduğu kimi, ölkəmizin su təhlükəsizliyinin dayanıqlığının artırılması Azərbaycan üçün prioritet məsələlərdən biridir. Bu baxımdan bu ilin 12 yanvarında xüsusi prezident sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin məhdud su ehtiyatlarından maksimum səmərəli istifadə edilməsi prinsipi əsasında sistemli şəkildə həyata keçirilməsi, Bakı şəhəri və Abşeron yarımadasında su təhlükəsizliyinin dayanıqlığının artırılması; bu sahədə müasir tələblərə cavab verən idarəetmə sisteminin qurulması; əhalinin, sənayenin, kənd təsərrüfatının keyfiyyətli və dayanıqlı su ilə təmin edilməsi; tullantı və yağış sularının yaratdığı problemlərin aradan qaldırılması, kanalizasiya sistemləri və tullantı sularının emal edilməsinin infrastruktur təminatının yaxşılaşdırılması; su anbarlarının potensialının artırılması, mövsüm gələndə suların yığılmasında və sonra il boyunca onlardan istifadə etmək imkanlarının genişləndirilməsində də mühüm rol oynayacaq”.

Redaktor.az xəbər verir ki, bunu deputat Əli Məsimli feysbuk hesabında yazıb.

“Bununla yanaşı, əhalinin içməli su, təsərrüfatların isə suvarma suyu ilə təminatını yaxşılaşdırmaqdan ötrü Şəki-Zaqatala regionuna aid olan şəhər və rayonlarda da zəruri işlər görülür. Belə ki, “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı”nın müzakirəsi zamanı bildirildiyi kimi, xüsusi prezident sərəncamına uyğun olaraq Qəbələ rayonunda 17,5 milyon kubmetr həcmində “Yengicə” su anbarının və Oğuz, Şəki rayonlarında 108 milyon kubmetr həcmində “Əlicançay” su anbarının tikintisi həyata keçirilir və 2027-ci ildə tamamlanması nəzərdə tutulur. “Yengicə” su anbarı Qəbələ rayonu üzrə 10 min hektar əkin sahəsinə xidmət edəcəkdir. “Əlicançay” su anbarı isə Şəki və Qax rayonları üzrə 30 min hektara yaxın əkin sahəsinə xidmət etməklə yanaşı, Şəki və Oğuz rayonları üzrə 28 yaşayış məntəqəsinin 49 min nəfərə yaxın əhalisini içməli su ilə təmin edəcəkdir.

Sözügedən Proqramda göstərilib ki, su təchizatı və tullantı sularının idarə olunması üzrə iri infrastruktur layihələrinin icrası yüksək maliyyə tutumu tələb etdiyindən, maliyyələşmə mənbələrinin məhdudluğu proqramın icrasına mənfi təsir göstərə bilər. Bu riskin neytrallaşdırılması məqsədilə dövlət büdcəsi ilə yanaşı, beynəlxalq maliyyə institutları və donor təşkilatlarla əməkdaşlıq gücləndiriləcək, alternativ maliyyə mənbələri cəlb ediləcəkdir. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası üçün tələb olunan maliyyə resurslarının ilkin olaraq dövlət-özəl əməkdaşlığı çərçivəsində, habelə beynəlxalq maliyyə institutlarının kredit və qrant mexanizmləri hesabına təmin olunması imkanları araşdırılacaqdır. Bu imkanlar mövcud olmadıqda, müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsində aidiyyəti icraçı dövlət orqanları üçün nəzərdə tutulmuş vəsait, büdcədənkənar mənbələr, eləcə də qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilməsi həyata keçiriləcəkdir. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyə tutumu kifayət qədər böyük olduğundan, onun həm daxili, həm də xarici maliyyə mənbələri hesabına optimal şəkildə şaxələndirilməsi mühüm əhəmiyyət kəsb edir.

Bu kontekstdə Davos Dünya İqtisadi Forumunun 56-cı illik toplantısında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 20-də Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Renaud-Basso ilə görüşü diqqətçəkəndir. Azərbaycan Prezidenti Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti ilə görüşü zamanı ölkəmizlə AYİB arasında qurulmuş əməkdaşlıqdan məmnunluq ifadə olunub, bankın Azərbaycanda bir sıra uğurlu layihələr icra etdiyi bildirilib. Bu xüsusda bank tərəfindən ölkəmizin bir sıra bölgələrində, o cümlədən Gəncədə və Şəkidə su sektorunda müxtəlif layihələrin həyata keçirilməsi qeyd edilib. Görüşdə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üzrə Dövlət Proqramı çərçivəsində qəbul olunmuş layihələrin maliyyələşdirilməsi ilə bağlı müzakirələr xüsusi yer tutub.

Bu məsələnin əlverişli şərtlər çərçivəsində sistemli, şəffaflıq, hesabatlılıq, işlək və effektli nəzarət mexanizmi şəraitində həyata keçirilməsi, həm Bakıda, həm də qeyd etdiyimiz rayonlarda əhalinin və təsərrüfatların su təchizatının yaxşılaşdırılmasının maliyyə təminatının optimal variantda şaxələndirilməsində mühüm rol oynaya bilər”.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью