Əli Mustafa: Azərbaycan regionda Amerikanın əsas müttəfiqidir

30.01.2026

Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycan və Ermənistana planlaşdırılan səfəri Bakının Vaşinqtonla siyasi dialoqunu gücləndirərək regional proseslərdə Azərbaycanın mövqeyini daha da möhkəmləndirəcək. Bu səfər enerji, nəqliyyat, investisiya sahələrində əməkdaşlıq imkanlarını genişləndirərək iqtisadi əlaqələrə əlavə stimul verə, eyni zamanda, ABŞ-nın bölgəyə artan diqqəti təhlükəsizlik və sülh gündəliyində Azərbaycanın maraqlarının daha aktiv nəzərə alınmasına şərait yarada bilər.

Hüquqşünas və siyasi şərhçi Əli Mustafa “Reytinq” qəzetinə açıqlamasında deyib ki, vitse-prezidenti Azərbaycan və Ermənistana planlaşdırılan səfəri böyük hadisədir.

Ə. Mustafa qeyd edib ki, indi ABŞ dünyanın bir nömrəli gücü, qüdrətli dövlətdir: “Vitse-prezident Vens isə faktiki olaraq Amerikanın ikinci şəxsidir. Eyni zamanda, cənab Vens Tramp administrasiyasında ciddi nüfuza malikdir. Hətta bir çox hallarda Tramp-Vens-Rubioya “qızıl üçlük” də deyirlər. ABŞ-da mühüm qərarları bu üçlük qəbul edir, bəzən bura müdafiə naziri Heqset də daxil edilir. Qısası, Vens o şəxslərdəndir ki, bu gün dünya siyasətinin müəyyənləşməsində, qlobal cəmiyyətdə ABŞ-nın atdığı addımların müəyyən edilməsində və qəbulunda rolu olan şəxslərdən biridir”.

Müsahibimiz bildirib ki, Vensin Cənubi Qafqaza planlaşdırılan səfərində bir neçə vacib məsələ var. Bunlardan biri Amerikanın Cənubi Qafqazda möhkəmlənməyə çalışmasıdır: “ABŞ bununla həm də regionda marağı olan digər böyük dövlətlərə mesajı verir ki, burada onun maraqları var, Azərbaycan və Ermənistanı özünə tərəfdaş seçib və bunu nəzərə alın. Bu, ən azından bölgədə destruktiv mövqedə duran və bu kimi fəaliyyətə hazır olan digər ölkələrə xəbərdarlıq mənasını da verə bilər”.

Ə. Mustafanın fikrincə, bu səfər ərəfəsində strateji tərəfdaşlıq haqqında sənəd üzrə razılığın əldə edilməsi də mümkündür: “2025-ci ilin avqustunda Azərbaycan, ABŞ və Ermənistan arasında olan üçtərəfli razılaşmada belə bir məsələ nəzərdə tutulurdu. Yəni Azərbaycan və ABŞ arasında işçi qrupun yaradılması və təxminən altı ay ərzində bu sənədin hazırlanması məsələsi var idi. Ehtimal etmək olar ki, Vensin səfəri zamanı bu sənədi də imzalaya bilərlər”.

Siyasi şərhçi xatırladıb ki, Azərbaycan və ABŞ arasında hərbi sahədə əməkdaşlıq məsələsi də var: “Bu istiqamətdə də əməkdaşlıq gözləniləndir. Səhv etmirəmsə, Azərbaycan və Amerika arasında hərbi baxımdan belə bir sənəd ilk dəfədir ərsəyə gəlib. Azərbaycan ABŞ-dan qayıqlar və zirehli gödəkcələr ala bilər və s. Bunlar Azərbaycan üçün vacib məsələlərdir və maraqlarımıza tam uyğundur”.

Ə. Mustafa qeyd edib ki, Ermənistana da səfər edəcək Vensin İrəvanda da bir sıra sənədlər imzalayacağı və danışıqlar aparacağı gözlənilir.

Onun sözlərinə görə, Ermənistanın da bu və ya digər formada ABŞ-nın təhlükəsizlik çətiri altında olmasına dair mesajlar veriləcək: “Ermənistan parlament seçkiləri ilinə daxil olub, bu halda Amerikanın verəcəyi dəstək baş nazir Nikol Paşinyanın uğur qazanması üçün olduqca əhəmiyyətlidir. Qeyd edim ki, indiki erməni hökumətinin seçkidə uğur qazanması Azərbaycan üçün də məqbuldur, çünki biz Paşinyanla qarşılıqlı münasibətləri daha normal şəkildə qaydaya sala bilirik, nəinki onun postuna iddia edən separatçılar və digər qüvvələrlə. Çünki Paşinyan prosesləri başa düşür və bölgəyə sülhün gəlməsinə bəlkə də ən uyğun namizəddir. Vensin səfəri bu baxımdan da bizim üçün təqdirəlayiqdir. Üstəlik, səhv etmirəmsə, ABŞ ilə Ermənistan arasında dinc nüvə sazişinə dair hansısa danışıqlar olacaq. İrəvan özünün atom elektrik stansiyasını Rusiyanın deyil, ABŞ-nın ixtiyarına verir ki, bu da bölgədə güc balansına təsir göstərir, bununla Ermənistanın keçmiş müttəfiqləri bir növ kənarda qalırlar”.

Siyasi şərhçi əlavə edib ki, səfər Azərbaycan üçün son dərəcə mühüm olan TRIPP yolunun irəli aparılması, işlək vəziyyətə gətirilməsi baxımından da əhəmiyyət kəsb edəcək, dəhlizin açılmasını sürətləndirəcək. Bu isə Azərbaycanın maraqlarına tam uyğundur.

“Bütün deyilən və deyilməyən məqamları nəzərə alsaq görərik ki, Vensin səfəri çox əhəmiyyətli və vacibdir. Əlbəttə, bu səfərdə Gürcüstan nəzərdə tutulmur. Fikrimcə, burada Tiflisin Amerika və Avropa ilə münasibətləri, habelə Rusiyaya yanaşması müəyyən rol oynayır. Həmçinin ABŞ göstərir ki, indiki mərhələdə regionda onun əsas müttəfiqi Azərbaycandır və Ermənistan da bu prosesdə yaxından iştirak edir”, - deyə Mustafa yekunlaşdırıb.

Nemət ORUCOV

Reyting.az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью