Əlilliyi olan şəxslərə münasibətdə vergi inzibatçılığı sadələşdirilib

17.04.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 17 aprel, AZƏRTAC

Əlilliyi olan şəxslərin öz bacarıqları və yaradıcılıqları ilə məşğul olmalarını təşviq etmək, onların iqtisadi fəaliyyətini stimullaşdırmaq məqsədilə Vergi Məcəlləsinə və “Sosial sığorta haqqında” Qanuna dəyişikliklər edilib.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata əsasən, mövcud qanunvericiliyə görə, sahibkarlıq fəaliyyətindən gəlir əldə edən fiziki şəxslər vergi orqanlarında uçota alınmaqla gəlirlərini vergi orqanına bəyan etməli və hesablanmış vergiləri dövlət büdcəsinə ödəməlidirlər.

Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, əlilliyi olan şəxslərin gəlirlərinin aşağı dərəcə ilə vergiyə cəlb olunması, həmçinin onlara münasibətdə vergi inzibatçılığının sadələşdirilməsi nəzərdə tutulur. Bundan sonra həmin şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin rəsmi internet saytı vasitəsilə elektron ticarət qaydasında əl işlərinin satışından əldə etdikləri gəlirlərdən xərclər çıxılmadan 2 faiz həcmində ödəmə mənbəyində vergi həmin agentlik tərəfindən tutularaq bəyan ediləcək. Beləliklə, əlilliyi olan şəxslərin vergi orqanlarında qeydiyyatdan keçmək, vergi hesabatları təqdim etmək və digər inzibati prosedurları həyata keçirmək öhdəliyi yaranmayacaq.

Eyni zamanda, “Sosial sığorta haqqında” Qanunda edilmiş dəyişikliyə görə, həmin şəxslərin DOST Agentliyinin rəsmi internet saytı vasitəsilə elektron ticarət qaydasında əl işlərinin satışından gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı tutulmayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью