Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 26 may, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 1972–1976-cı illərdə Riyaziyyat fakültəsində təhsil almış məzunlarla görüş keçirilib.
Bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib. Görüşdə Tədris departamentinin Məzun koordinasiya və karyera şöbəsinin müdiri Könül Əsgərova məzunlara universitetdə son illərdə həyata keçirilən yeniliklər, tədris və infrastruktur sahəsində görülən işlər, eləcə də məzunlarla əməkdaşlığın inkişafı istiqamətində atılan addımlar barədə məlumat verib.
Daha sonra məzunlar tələbəlik illərini yenidən xatırlamaq məqsədilə vaxtilə dərs keçdikləri auditoriyalara baş çəkib, universitet həyatı ilə bağlı xatirələrini bölüşüblər. Görüşdə Riyaziyyat fakültəsinin dekanı dosent Allahverdi Cəfərov və fakültənin dekan müavini Musa Razayev də iştirak ediblər. Çıxışlarda universitetlə məzunlar arasında əlaqələrin qorunub saxlanılmasının və inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.