Elm və təhsil heyəti Azıx mağarasında

02.09.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Ən qədim insan məskənində beynəlxalq ekspedisiya axtarış aparıb

Azərbaycan Milli Elmlər Akademiyasının və Elm və Təh­sil Nazirliyinin rəhbərliyi və nümayəndələri Qarabağda Kiçik Qafqaz dağlarının cənub-şərq yamacında, dəniz səviyyəsindən 900 metr yüksəklikdə yerləşən ilk insan məskənlərindən biri olan Azıx mağarasını ziyarət edib.

AMEA Arxeologiya və Antropo­logiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev, Azıx beynəlxalq ekspedisiyasının rəh­bəri, Almaniyada fəaliyyət göstərən Leiza İnstitutunun Traceologiya və Nəzarətli Eksperimentlər Laboratori­yasının müdiri João Marreiros, Azıx ekspedisiyasının rəhbəri, Arxeologiya və Antropologiya İnstitutunun böyük elmi işçisi və Qarabağ Universiteti­nin nəzdində fəaliyyət göstərən Azıx arxeoloji tədqiqat və analiz labora­toriyasının müdiri Əjdər Babazadə Azıx mağarası tədqiqatlarının tarixi, 2023-cü ildən fəaliyyətə başlayan beynəlxalq ekspedisiyanın fəaliyyəti, ərazidən tapılan maddi-mədəniyyət nümunələri haqqında ətraflı məlumat veriblər.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Azıx beynəlxalq eks­pedisiyasının üzvləri ilə son illərdə AMEA Rəyasət Heyətində keçirilən görüşlərindən danışaraq, bu il arxe­oloji qazıntılarda iştirak edən xarici ölkə alimlərinin tərkibinin genişlən­dirildiyini və mühüm elmi nəticələrin əldə edildiyini bildirib. Elm tarixində ilk dəfə olaraq Azıx mağarasının bir neçə girişdən ibarət olduğu müəyyən edilib və ikinci girişdən daxil olmaqla mağaranın yeni istiqamətdə tədqiqinə başlanılıb. Aparılan tədqiqatların nə­ticələrini əks etdirən elmi məqalələrin dünyanın nüfuzlu elmi jurnallarında çap edilməsinin əhəmiyyətini vurğu­layan akademik İsa Həbibbəyli birgə elmi ekspedisiyaların elm və təhsil sahəsində inteqrasiyanın genişləndi­rilməsi baxımından əhəmiyyətli oldu­ğunu bildirib.

Elm və təhsil nazirinin müavini İdris İsayev, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova birgə elmi ekspedisiyanın işində ali məktəblərin müəllimləri və tələbələrinin iştirakının faydalı oldu­ğunu qeyd edib, təkliflərini nəzərə çatdırıblar.

Azıx beynəlxalq arxeoloji eks­pedisiyasının həmrəhbəri João Mar­reiros Avropa ölkələrində Azıx ma­ğarasına bənzər qədim tarixə, böyük əraziyə və çoxqatlı mədəni təbəqəyə malik insan düşərgəsinə rast gəlinmə­diyini bildirib, aparılan tədqiqatların dünya elmi üçün də əhəmiyyətli oldu­ğunu ifadə edib.

Qeyd edək ki, 2023-cü ildən fəaliyyət göstərən Azıx beynəlxalq arxeoloji ekspedisiyasının işinə Azər­baycan alimləri ilə yanaşı, Almaniya, Portuqaliya, ABŞ, Danimarka, Tür­kiyə, İngiltərə, Polşa, Yunanıstan, Slovakiya, Pakistan, Fransa kimi ölkələrdən də tədqiqatçılar cəlb edi­lib. Eyni zamanda, Qarabağ Univer­siteti, Azərbaycan Dillər Universiteti, İngiltərənin Oksford Universiteti və Portuqaliaynın Algarve Universite­tinin tələbə və mütəxəssisləri də ilk gündən qazıntı işləri və tədqiqatlarda yaxından iştirak edirlər.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью