Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının təhsil naziri Yusif bin Abdullah əl-Binyanın dəvəti əsasında Səudiyyə Ərəbistanı Krallığına səfər edib.
“Qafqazinfo” xəbər verir ki, səfər çərçivəsində Emin Əmrullayev Yusif bin Abdullah əl-Binyanla görüşüb.
Görüş zamanı iki ölkə arasında ali təhsil və peşə təhsili sahələrində cari əməkdaşlıq və yaxın gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan təşəbbüslər barədə ətraflı müzakirələr aparılıb. Bundan başqa, nümayəndə heyəti Kral Səud Universitetini ziyarət edib.
Universitetin rektoru Ali Masmali ilə görüş keçirilib, Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. Səfər zamanı nümayəndə heyəti Kral Əbdüləziz Elm və Texnologiya Şəhərini ziyarət edib, burada yaradılmış müasir laboratoriyalar, inkubasiya mərkəzi və innovasiya ekosistemi ilə tanış olub.
Emin Əmrullayev və Kral Əbdüləziz Elm və Texnologiya Şəhərinin prezidenti Munir Eldesouki arasında baş tutan görüş çərçivəsində əməkdaşlıq imkanları barədə ətraflı müzakirə aparılıb.