Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Ölkə.az xəbər verir ki, bunu deputat Elman Nəsirov parlamentdə “Maraqlar toqquşması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, dövlət vəzifəsi daşıyan məmur öz şəxsi maraqlarının deyil, ictimai mənafeyin xidmətində dayanmalıdır.
Deputat xatırladıb ki, məmur vəzifəsinin icrasına başlamamışdan əvvəl bəyannamə təqdim edir. E.Nəsirovun fikrincə, bu, doğrudan da şəffaflığın, hesabatlılığın təminatı baxımından çox vacib məsələdir. Həm də bir ənənəyə çevrilir:
“Yəni ilk dəfə bunu edir, amma sonrakı illərdə bəyannaməni hər il aprelin 15-dək verməlidir. Hesab edirəm ki, bu, vacib məsələlərdən biridir. Bəyannamədə natamamlıq olarssa və ya təhrif edilərsə, bu da qanun pozuntusudur. Qanun layihəsində buna qarşı məsuliyyət də nəzərdə tutulub”.
Deputat söyləyib ki, qanun layihəsi qəbul olunandan sonra, onun icrasına xidmət edən ciddi mexanizmlər də yaradılmalıdır:
“Vəzifəli şəxslərin gəlirləri, əmlakları, biznes əlaqələri və ya digər maliyyə maraqları barədə bəyannamə sistemli olmalı, reallığı əks etdirməlidir. Bəyannamələrin yalnız təqdim edilməsi deyil, onların yoxlanılması və qanunvericiliyə uyğun şəkildə ictimaiyyət üçün açıq, əlçatan olması da vacib məsələlərdən biridir. Maraqlar toqquşmasının qarşısının alınması kiminsə cəzalandırılması üçün deyil, dövlət idarəçiliyində ədaləti və etimadı qorumaq üçün vacibdir. Vətəndaş dövlət qurumunda qərar qəbul edilərkən kiminsə şəxsi maraqlarını deyil, qanunun və ya ictimai mənafeyin əsas götürüldüyünə inanmalıdır. Ümidvarıq ki, vəzifəli şəxslər bu məsələlərə ciddi yanaşacaq. Biz qanunları qəbul eləyirik, amma özümüz bu qəbul etdiyimiz qanunların icrası məsələlərində nümunə olmalıyıq”.
Mürtəza